ABŞ prezidenti Co Bayden Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 sammiti çərçivəsində indoneziyalı həmkarı Coko Vidodo ilə bazar ertəsi görüşüb və oktyabrda keçirilən ABŞ-ASEAN və Şərqi Asiya sammitləri ilə bağlı müzakirələri davam etdirib.
"İndoneziya Birləşmiş Ştatların əsas strateji tərəfdaşıdır və sizin Hind-Sakit Okean regionunda liderliyiniz vacibdir" - deyə, Bayden Cokovi ləqəbi ilə də tanınan Vidodoya bildirib.
Cokovi Vaşinqtonun COVAX peyvənd paylaşma mexanizmi vasitəsilə ən böyük ianələrdən biri olan 13,4 milyon doza COVID-19 peyvəndinə görə Baydenə təşəkkür edib.
Görüş Çinin iqtisadi, diplomatik və hərbi nüfuzunun durmadan artdığı bir vaxt Cənub-Şərqi Asiyanın ən böyük ölkəsinin rəğbətini qazanmaq üçün Baydenin diplomatik səylərinin bir hissəsidir.
Ağ Evin açıqladığı məlumata görə, görüş zamanı müzakirə edilən məsələlər arasında iqlim dəyişikliyi, pandemiya ilə mübarizə, dənizlərin azadlığı, Myanmada çevriliş və "strateji tərəfdaşlığın" gücləndirilməsi məsələləri də olub. Bu, Bayden vəzifəyə gəldikdən sonra iki ölkə lideri arasında ilk təkbətək görüş olub.
Təxminən bir saat davam edən görüş zamanı Bayden ABŞ-ın ASEAN-a (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) öhdəliyini və ASEAN-na daxil olan 10-dan çox ölkəyə dəstəyini bir daha təkrarlayıb.