Accessibility links

Bayden inkişaf etməkdə olan ölkələrə daha 500 milyon doza peyvənd vəd edir


ABŞ Prezidenti Co Bayden çərşənbə günü COVID-19-a dair dörd günlük virtual sammiti açaraq, dünya liderlərini vaksinasiya səviyyəsinin artırılması da daxil olmaqla, pandemiyanın qarşısını almaq üçün daha çox iş görməyə çağırıb.

Prezident Bayden Birləşmiş Ştatların inkişaf etməkdə olan ölkələrə gələn ilin sonuna qədər daha 500 milyon dozada COVID-19 peyvəndi göndəriləcəyini elan edib.

Amerika Birləşmiş Ştatları bundan əvvəl gələn ilin iyun ayının sonuna qədər inkişaf etməkdə olan ölkələri Pfizer və BioNTech şirkətləri tərəfindən istehsal olunan 500 milyondan çox doza peyvəndlə təmin edəcəyini bildirmişdi. Bununla ABŞ dünya ölkələrinə 1 milyard COVID-19 peyvəndi vermiş olacaq.

"Bir gün bir amerikalıya bir peyvənd vurulursa, üçünü dünyaya bağışlayırıq" - deyə, Dövlət katibi Antoni Blinken çərşənbə günü Twitter səhifəsində yazıb.

"Amerika COVID-19-a qalib gəlmək əzmindədir. Bu gün Amerika Birləşmiş Ştatlarının dünya miqyasında bağışladığı peyvənd sayını ikiqat artıraraq, 1,1 milyarda çatdırır" - deyə, Blinken bildirib.

Blinken sentyabrın 22-də Twitter hesabında Baydenin Pfizer peyvəndinin əlavə dozalarının ianəsini BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində elan edəcəyini bildirib.

Bayden Ümumünya Səhiyyə Təşkilatının qarşıdan gələn il ərzində dünya əhalisinin azı 70%-ni peyvənd edilməsi ilə bağlı fikrini dəstəkləyib.

ÜST baş direktoru Tedros Adhanom Qebreyesus iyun ayında hədəfə çatmaq üçün 11 milyard doza peyvənd tələb olunacağını deyib.

Çərşənbə axşamı BMT-də çıxışı zamanı Bayden ABŞ-ın 100-dən çox ölkəyə 160 milyondan çox peyvənd dozası payladığını bildirib.

XS
SM
MD
LG