Accessibility links

Bayden Kabil hava limanına hücum edənlərin cəzalandırılacağına söz verdi


ABŞ prezidenti Co Bayden Vaşinqtonda Ağ Evdə Əfqanıstanla bağlı açıqlamalar verir, 26 avqust, 2021
ABŞ prezidenti Co Bayden Vaşinqtonda Ağ Evdə Əfqanıstanla bağlı açıqlamalar verir, 26 avqust, 2021

ABŞ prezidenti Co Bayden cümə axşamı günü Kabil hava limanı yaxınlığında azı 13 Amerika əsgəri və Talibanın nəzarətini əlinə keçirdiyi ölkədən qaçmaq ümidi ilə aeroporta toplaşan onlarla mülki vətəndaşın ölümünə səbəb olan hücumlara görə məsuliyyət daşıyanları cəzalandıracağına söz verib.

"Bu hücumu həyata keçirənlər və Amerikaya zərər vermək istəyən hər kəs bunu bilsin: biz bağışlamayacağıq, bunu unutmayacağıq. Sizi tapıb bunun bədəlini ödəməyə məcbur edəcəyik" – deyə, prezidenti Bayden milli televiziyada yayımlanan çıxışı zamanı deyib.

İslam Dövləti qrupu ona məxsus xəbər agentliyinin Telegram kanalında Həmid Karzai Beynəlxalq Hava Limanının perimetri boyu iki yerdə: Abby Qapısı yaxınlığında və ən yaxın otelə yaxın partlayışın törədilməsindən bir neçə saat sonra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Kabil hava limanı yaxınlığında cümə axşamı baş verən iki partlayış ABŞ-ın hərbi personalı və ölkədən qaçmaq üçün orada toplaşan əfqanların ölümü ilə nətiləcələnib.

Associated Press-ə danışan və adının açıqlanmasını istəməyən Əfqanıstan rəsmisinin bildirdiyinə görə, hücum nəticəsində azı 60 əfqan ölüb, 143 nəfər yaralanıb.

ABŞ-ın Mərkəzi Komandanlığının başçısı general Frank MakKenzi Pentaqonda mətbuat brifinqi zamanı bildirib ki, hücumda həmçinin ABŞ-ın 12 hərbi qulluqçusu – 11 dəniz piyadası və Dəniz Donanmasının bir həkimi öldürülüb, 15 nəfər isə yaralanıb.

MakKenzi deyib ki, bomba hücumlarından sonra silahlı atışma baş verib, amma təxliyyə uçuşları davam edib.

“Biz bir nömrəli missiyamızı həyata keçirməyə, yəni mümkün qədər çox əfqanı və vətəndaşlarımızı Əfqanıstandan çıxarmağa davam edirik,” MakKeniz brifinqdə bildirib. “İŞİD bizi missiyamızı yerinə yetirməkdən yayındırmayacaq,” o deyib.

Kabildə partlayışların baş verdiyi ərazinin xəritəsi.
Kabildə partlayışların baş verdiyi ərazinin xəritəsi.

Pentaqon sözçüsü Con Kirbi daha öncə cümə axşamı Kabil hava limanının Abbi qapısında "amerikalıların və mülki şəxslərin yaralanması ilə nəticələnən partlayışın kompleks hücumun nəticəsi olduğunu" bildirmişdi.

O həmçinin Twitter səhifəsində "Abbi girişi yaxınlığındakı Baron mehmanxanasında və ya onun yaxınlığında daha azı bir partlayışın olduğunu təsdiq edə bilərik" deyə yazıb.

Taliban Əfqanıstanı ələ keçirdikdən sonra son günlərdə minlərlə insan ölkəni tərk etmək üçün hava limanına axın edib.

Talibanın yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə intiharçı bombanın hava limanı yaxınlığında çox sayda insanın olduğu yerdə partladığını təsdiq edib.

Kəşfiyyat mənbələri Amerikanın Səsinə bildirib ki, hava limanının girişinə 200 metr yaxınlıqda yerləşən Baron Hotelində də ikinci partlayış olub. Bununla bağlı əlavə təfərrüatlar verilməyib.

Partlayışdan bir neçə saat öncə Qərb hökumətləri hava limanında terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib və ölkədən təxliyə edilmək istəyən və əraziyə toplaşan insanların təhlükəsiz bir yerə getmələrinin lazım olduğunu bildirib.

Prezident Co Bayden son hadisələri müzakirə etmək üçün təhlükəsizlik komandası ilə görüşüb. "O, gün boyu hadisələrlə bağlı məlumatlandırılacaq," Ağ Ev bildirib.

Partlayışdan öncə ABŞ-ın Kabildəki səfirliyi "ABŞ vətəndaşlarına Kabil aeroportunun ərazisi xaricində təhlükə təhdidləri olduğu üçün ABŞ hökuməti nümayəndəsindən fərdi təlimat alınmadığı təqdirdə aeroporta getmələrini və aeroport girişindən uzaq durmağı tövsiyə edirik. Abbi, Şərq və ya Şimal qapıları qarşısına toplaşan ABŞ vətəndaşları oraları dərhal tərk etməlidirlər" - deyə xəbərdarlıq edib.

Cümə axşamı partlayışda yaralanan insanların bəziləri beynəlxalq QHT tərəfindən idarə olunan və müharibə və mina qurbanlarının müalicəsi üçün nəzərdə tutulan Kabilin Təcili Tibbi Yardım Hospitalına gətirilib. Əfqanıstanın xəbər agentlikləri Twitter-də mülki vətəndaşların yaralıları əl arabaları ilə daşıdıqlarını göstərən şəkilləri paylaşıblar.

Britaniya silahlı qüvvələri naziri Ceyms Heppi BBC radiosuna "Hazırda hücum barədə çox, çox etibarlı bir xəbər var" deyib.

Avstraliyanın Xarici Əlaqələr və Ticarət Nazirliyi də "çox yüksək terror hücumu təhlükəsi"ndən bəhs edib. Belçikanın Baş naziri Aleksandr De Kroo hökumətinin ABŞ və digər mənbələrdən hücum ehtimalı barədə eşitdikdən sonra təxliyə əməliyyatlarını dayandırdığını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü ABŞ-ın Əfqanıstandakı İslam Dövləti qrupunun filialından potensial təhlükə gördüyünü bir daha vurğulayıb.

"Bu səylərin mürəkkəbliyini və təhlükəsini qiymətləndirmək çətindir. Hazırda biz Talibanın nəzarətində olan şəhər və ölkədə, düşmənlə bir mühitdə, həqiqətən də İŞİD-K hücumunun ehtimalı olan bir yerdə fəaliyyət göstəririk. Biz bütün tədbirləri görürük, amma bu çox risklidir" - deyə, Blinken Dövlət Departamentində bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG