Accessibility links

Bayden 1,9 trilyon dollarlıq koronavirus yardım paketini açıqlayıb


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden cümə axşamı koronavirusa qarşı mübarizə planını açıqlayıb. O, amerikalılara pandemiya və onun yaratdığı iqtisadi böhran səbəbilə yardım etmək üçün bu qanunun təcili olaraq qəbul edilməli olduğunu deyib.

"Bu pandemiya zamanı milyonlarla amerikalı öz günahları olmadan maaşları ilə bərabər ləyaqət və hörmətlərini də itirdi" - deyə, Bayden Amerika Xilasetmə Planını təqdim edərkən bildirib.

Baydenin planına amerikalıların əksəriyyəti üçün 1400 dollar məbləğində birbaşa ödəmələr, məktəblərin təhlükəsiz açılmasının təşviqi və milli peyvənd proqramının hazırlanması üçün maliyyə yardımı daxildir. Plana həmçinin sentyabr ayına qədər həftədə əlavə 400 dollarlıq işsizlik sığortası da daxildir.

Plana eləcə də xüsusilə azlıq sahibkaların idarə etdiyi kiçik müəssisələrin yardımla təmin olunması daxil edilib.

Baydenin çıxışından əvvəl açıqlanan və keçid qrupunun "iddialı, lakin mümkün" kimi xarakterizə etdiyi planın 1,9 trilyon dollar dəyərində olacağı təxmin olunur.

Respublikaçılar bir müddət bundan öncə bu rəqəmin çox yüksək olduğunu deyiblər.

"İki partiyanın dəstəyi ilə 900 milyard dollarlıq COVID-19 yardım qanun layihəsinin cəmi 18 gün əvvəl qanuna mindiyini unutmayın" - deyə, Texasdan Respublikaçı senator Con Kornin Twitter səhifəsində yazıb.

Lakin bu dəfə Nümayəndələr Palatasına kiçik bir fərqlə Demokratlar nəzarət edəcək. Senatda isə 50-5- bərabərlik olacaq, bərabərliyi isə vitse-prezident Kamala Harris poza biləcək.

“Əgər növbəti yardım paketi veriləcəksə, o, ehtiyacı olanlara yönəldilməlidir” - deyə, Qərbi Virciniyadan olan Demokrat senator Co Mançin yanvarın 8-də Twitter səhifəsində yazıb.

Bayden yanvarın 20-də vəzifəsinə başladıqdan sonra ilk 100 gündə 100 milyon peyvənd vurulmasını qarşısına məqsəd qoyub. Cümə axşamı açıqladığı plana əsasən ştat və yerli hökumət orqanlarının koordinasiyası ilə 20 milyard dollar məbləğindəki yardım ictimai mərkəzlər və ucqar bölgələrdə mobil peyvənd mərkəzlərinin maliyyələşdirilməsinə sərf ediləcək.

"Bu, bir ölkə olaraq həyata keçirdiyimiz ən çətin əməliyyatlardan biri olacaq.
Daha çox insanın peyvənd edilməsi üçün yeri və göyü hərəkətə gətirməliyik" Bayden deyib.

ABŞ hökuməti təcili istifadə üçün iki fərqli peyvənd təsdiqləyib. Hər iki peyvənd iki dozada vurulmalıdır. İndiyə qədər ölkədə 10 milyondan çox insan ilk dozanı qəbul edib.

XS
SM
MD
LG