Accessibility links

Bayden Avropaya yola düşüb


ABŞ Prezidenti Co Bayden çərşənbə günü səlahiyyətə başladığı vaxtdan bəri ilk xarici səfərinə yola düşüb. Gələn həftə Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməzdən əvvəl o, Avropada Qərb dövlət başçıları ilə yüksək səviyyəli danışıqlar aparacaq.

"Air Force One" təyyarəsinə minərkən Bayden səfərdəki hədəflərinin müttəfiqlərlə əlaqələrini gücləndirmək olduğunu deyərək bildirib ki, "Putin və Çinə aydın edəcəyəm ki, ABŞ və Avropa yaxın tərəfdaşıdır".

Prezident Co Bayden 9 iyun 2021-ci il tarixində Merilenddəki Andrews Bazasından "Air Force One"-a minməzdən əvvəl jurnalistlərlə açıqlama verir.
Prezident Co Bayden 9 iyun 2021-ci il tarixində Merilenddəki Andrews Bazasından "Air Force One"-a minməzdən əvvəl jurnalistlərlə açıqlama verir.

Bayden həmçinin bildirib ki, səfər zamanı dünya üzrə koronavirusa qarşı vaksin tətbiq etmək üçün yeni strategiyalar açıqlayacaq.

ABŞ yetkin yaşda olan əhalinin yarıdan çoxuna peyvənd tətbiq etsə də, Afrika və digər yoxsul ölkələr bu peyvəndlənmə prossesində çox geridə qalmaqdadır.

Baydenin Britaniyaya yola düşdüyü bir vaxt Ağ Ev bildirb ki, o, Amerikanın dünya demokratiyalarını birləşdirmək öhdəliyini, 21-ci əsr üçün yol qaydalarını formalaşdırmaq, dəyərlərimizi müdafiə etmək və dünyanın ən böyük problemlərini həll etmək üçün bir araya gəldiyini vurğulayacaq.

Bayden G-7 sammitinə qatılmazdan əvvəl cümə axşamı Britaniyanın Baş Naziri Boris Consonla danışıqlar aparacaq.

Bundan əlavə o və birinci xanım Cill Bayden Brüsseldə keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl bazar günü Vindsor qalasında Kraliça II Elizabet ilə də görüşəcək.

Belçikada olarkən Bayden, həmçinin Rusiyadan hava hücumundan müdafiə sistemi almaq məsələsində Vaşinqtonla fikir ayılığı yaşanan NATO müttəfiqi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da ayrıca danışıqlar aparacaq.

Səfər boyu Bayden NATO müttəfiqlərinə keçmiş prezident Donald Trampdan fərqli olaraq ABŞ üçün fərqli bir imic təqdim edəcəyinə ümid etdiyini bildirib.

Ağ Ev Baydenin "ABŞ-ın NATO, transatlantik təhlükəsizlik və kollektiv müdafiəyəyə sadiqliyini təsdiqləyəcəyini" bildirib.

Putinlə görüş

Hazırda Baydenin Putinlə münasibətləri onsuz da gərgin həddədir.

2016-ci ildəki seçkilərdə qalib gəlməsi üçün Trampın xeyrinə Rusiyanın seçkilərə müdaxilə etməsi məsələsində Donald Tramp Rusiyanın günahsız olduğunu bildirmişdi. Lakin Prezident Bayden Putinlə apardığı telefon danışıqlarında Rusiya liderinə ABŞ seçkilərinə müdaxilə, ABŞ dövlət qurumlarına edilən kiber hücum və Putinin rəqibi Aleksey Navalnının zəhərlənməsindən Kremlin cavabdeh olduğunu açıq şəkildə söylədi.

Bundan əlavə hər iki ölkə bəzi diplomatları Moskva və Vaşinqtondan çıxarıb.

Üstəlik televiziya müsahibəsində Bayden Putini “qatil” hesab etdiyini deyib.

XS
SM
MD
LG