Accessibility links

ABŞ prezidenti nifrət zəminində cinayətlərlə bağlı yeni qanun imzalayıb


Prezident Co Bayden cümə axşamı ABŞ-da asiyalılar əleyhinə nifrət zəminində cinayətlərə qarşı mübarizə üçün qanun layihəsi imzalayıb. Bu cür cinayətlər Birləşmiş Ştatlarda pandemiya dövründə daha da artıb. Bayden bunu Vaşinqtonda partiyalar arasında əməkdaşlığın nadir müasir nümünəsi adlandırıb.

Qanun layihəsini Ağ Evin Şərq Otağında imzalamazdan əvvəl prezident "nifrət və irqçilik ölkəmizi uzun zamandır qarabaqara izləyən və təngə gətirən çirkin zəhərdir" deyib.

Qanun COVID-lə əlaqəli nifrət zəminində cinayətlərin nəzərdən keçirilməsini sürətləndirmək və yerli hüquq-mühafizə orqanlarının bu cür zorakılıqlara cavab verməsinə yardım etmək üçün Ədliyyə Nazirliyində yeni iş yerinin yaradılmasını da nəzərdə tutur. Eyni zamanda bu, nifrət zəminində cinayətlərlə bağlı məlumatların toplanmasını asanlaşdırmaq və bunun üçün telefon qaynar xəttləri və onlayn hesabları yaratmaq məqsədi daşıyır.

"Bu yeni qanun bizə nifrət zəminində cinayətlərə cavabımızın sürətini artırmağa və hüquq mühafizə orqanlarına nifrət zəminində cinayətlər barədə hesabatları yaxşılaşdırmaq üçün qaynaqlarla təmin etməyə kömək edəcək. Bu qanun hüquq mühafizə orqanlarına səylərini hədəfə yönəltməyə yardım edəcək ki, bu da onlara bu cür cinayətlərin qarşısını almağa və cinayətlərə təsirli şəkildə cavab verməyə kömək edəcək" - deyə, ABŞ-ın Baş prokuroru Merrik Qarland bəyanatında bildirib.

Prezidentin çıxışından əvvəl Amerikada ilk qaradərili və asiya mənşəli vitse-prezident Kəmala Harris izləyicilərə bu yeni qanunun "bizi yalnız asiyalı-amerikalılara deyil, bütün amerikalılara qarşı nifrəti dayandırmağa bir addım daha yaxınlaşdırır" deyib.

Polisin bildirdiyinə görə, 2020-ci ilin əvvəllərində koronavirus pandemiyası başlayandan bəri ABŞ-da asiyalılar əleyhinə nifrət zəminində cinayətlərin nisbəti 150% artıb.

Bayden yanvar ayında prezidentliyə başladıqdan qısa müddət sonra Ədliyyə Nazirliyinə asiyalı-amerikalıları hədəf alan nifrət zəminindəki cinayətlərlə mübarizəyə yardım etməsi üçün göstəriş verib. Asiyalı-amerikalılar və Sakit Okean adalılarından olan insanların onun administrasiyasında az təmsil olunduğuna dair tənqidlərdən sonra Bayden Erika Moritsuqunu Ağ Evin həmin icmaların nümayəndəsi olaraq təyin edib.

XS
SM
MD
LG