Accessibility links

Bayden prezidentlik yarışlarına qoşulacağını elan etməyə hazırlaşır


ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin 2020-ci ildə prezident seçkilərində Demokrat partiyasından namizədlik uğrunda yarışlara qoşulacağını cümə axşamı günü elan edəcəyi gözlənilir. Bu haqda məlumatı NBC tele kanalı verib.

Bayden bununla hakimiyyəti respublikaçı prezident Donald Trampdan almağa çalışan prezidentliyə namizədliklərini irəli sürmüş bir sıra demokratların sırasına qoşulacaq.

76 yaşlı Bayden həm də prezident yarışlarında ən yaşlı və ən təcrübəli siyasətçi olacaq.

Arxiv fotosu - ABŞ-ın keçmiş prezidenti Barak Obama və keçmiş vitse-prezident Co Bayden Ağ Evdə, 12 yanvar, 2017.
Arxiv fotosu - ABŞ-ın keçmiş prezidenti Barak Obama və keçmiş vitse-prezident Co Bayden Ağ Evdə, 12 yanvar, 2017.

Prezidentlik kampaniyasına başlayacağını elan etdikdən sonra Baydenin gələn həftənin bazar ertəsi günü Pittsburq şəhərinə, bundan sonra qarşıdan gələn həftələr isə ilkin səsvermənin keçiriləcəyi dörd ştata səfər edəcəyi gözlənilir. NBC tele kanalı bu haqda məlumatı Baydenin səfərlərinin planlaşdırılmasında iştirak edən adı açıqlanmayan mənbəyə istinadən verib.

Co Bayden ABŞ siyasətinin ən tanınmış fiqurlarından biri hesab edilir. O, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın iki müddət hakimiyyəti dövrü vitse-prezident vəzifəsində çalışıb. Obamanın hakimiyyəti altında Ağ Evdə vitse-prezidentlikdən öncə Bayden ABŞ Senatında qırx ilə yaxın Delaver ştatını təmsil edərək senator olub.

XS
SM
MD
LG