Accessibility links

Bayden-Putin zirvə görüşündən gözləntilər


Bayden-Putin zirvə görüşündən gözləntilər
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Ağ Ev bu həftə ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında zirvə görüşünün iyun ayında Cenevrədə keçiriləcəyini açıqlayıb. Zirvə görüşü Bayden administrasiyasının Rusiya ilə münasibətlərin pisləşməsi fonunda sabitliyin yaradılmasına çalışdığı vaxta təsadüf edir. Bəzi respublikaçı qanunvericilər Moskva və Belarus tərəfindən atılan son addımlarla bağlı narahatlıqlarını bildirirərək, prezident Baydenin Rusiya lideri ilə görüşmək qərarını tənqid edib.

Prezident Co Bayden və Prezident Vladimir Putin arasında ABŞ-Rusiya zirvə görüşü NATO-nun Brüsseldə sammitindən sonra iyunun 16-da İsveçrədə Cenevrə şəhərində planlaşdırılır.

Liderlər silahlara nəzarət, iqlim dəyişikliyi və İranla nüvə razılaşmasının bərpası da daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkl. Ağ Ev Rusiyanın müttəfiqinin son addımlarına baxmayaraq, Baydenin Putinlə görüşünü təsdiqləyib.

Cen Psaki, Ağ Evin sözçüsü:

“O həmçinin Belarus məsələsini qaldırmağı və ciddi narahatlıqlarımızı çatdırmağı da planlaşdırır.”

Putinin müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenko onun hökumətini tənqid edən jurnalist Roman Protaseviçi həbs etmək üçün bazar günü sərnişin təyyarəsinin istiqamətini dəyişdirmək əmri verib.

Con Herbst, Atlantika Şurasının təhlilçisi:

“Lukaşenkonun etdiyi şey həddini aşmaqdır. Bu, havada piratçılıq və ya terrorizm idi. Buna görə də bunun cəzası olmalıdır. Hesab edirəm ki, Avropa İttifaqı Aİ hava limanlarının və hava məkanının Belarus hava yolları Belavia tərəfindən istifadəsini qadağan edərək, xarakterik olmayan bir şəkildə reaksiya verdi. Bu, çox ciddi sanksiyadır.”

Moskva hadisə ilə əlaqəsi olduğunu rədd edib. Bayden hadisəni qınayıb və Belarus xalqının demokratiya uğrunda mübarizəsini dəstəklədiyini bildirib. Lakin bəzi respublikaçılar bunun kifayət olmadığını bildirir.

Senator Ben Sass açıqladığı bəyanatda Putinlə qanqster kimi davranmaq əvəzinə Baydenin ona Şimal Axını 2 qaz kəmərinə imkan verdiyini və sammitlə onun hərəkətlərini legitimləşdirdiyini bildirib.

Cen Psaki, Ağ Evin sözçüsü:

“Biz Rusiya prezidenti ilə görüşə mükafat kimi baxmırıq. Bunu Amerikanın maraqlarını qorumağın vacib bir hissəsi kimi qiymətləndiririk. Prezident Bayden Vladimir Putinlə ölkələrimiz arasında fikir ayrılıqlarına rağmən deyil, bunlara görə görüşür.”

ABŞ bir neçə il ərzində Rusiya və Almaniya arasında Şimal Axını 2 qaz kəmərinin qarşısını almaq üçün çalışıb. Bayden administrasiyası başa çatmaqda olan layihədə iştirak edən Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Lakin layihəyə nəzarət edən Almaniya şirkətinə qarşı cərimələri götürərək, bunun şirkətin transatlantik münasibətləri gücləndirmək öhdəliyinə uyğun olduğunu bildirib.

Karnegi Fondunun təhlilçisi Cudi Dempsi:

“Bayden administrasiyası avropalıları, xüsusən də almanları cəlb etməlidir. Rusiyanın taktikası həmişə transatlantik münasibətləri, Qərbi zəiflətmək və Avropanı bölmək olub. İndi isə avropalıların birləşərək Baydenin səylərini dəstəkləmələrinin vaxtı çatıb.”

Ağ Ev Baydenin Moskvanın Ukraynaya qarşı təcavüzü məsələsini də qaldıracağını bəyan edib, lakin administrasiyanın ABŞ-Rusiya münasibətlərində proqnozlaşdırılma və sabitliyi bərpa etməyə çalışdığını vurğulayıb.

XS
SM
MD
LG