Accessibility links

Bayden qasırğanın vurduğu ziyanı dəyərləndirmək üçün Luizianaya yollanıb


ABŞ Prezidenti Co Bayden ştatın cənub hissəsinə Ayda qasırğasının vurduğu ağır zərəri qiymətləndirmək üçün Luizianaya yollanıb.

Bayden təxminən 1 milyon insanı elektriksiz, 600 min nəfəri susuz qoyan fırtınanı qubernator Con Bel Edvards və yerli rəsmilərlə müzakirə edəcək.

Prezident Lafurşe Kilsə icması da daxil olmaqla, ağır vəziyyətdə olan əraziləri ziyarət etməyi planlaşdırır. 100 000 əhalisi olan kilsə icmasının rəhbəri icmadakı evlərin dörddə birinin dağıldığını və ya ciddi şəkildə zədələndiyini deyib.

Prezident cümə axşamı ölkənin Federal Təcili Yardım İdarəsi (FEMA) və digər qurumların bölgənin ehtiyacları tam ödənilənə qədər gecə-gündüz çalışacağını söyləyib.

ABŞ-ın Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarının rəsmiləri cümə axşamı Ayda qasırğasının qalıqları nəticəsində yağan leysan yağışların səbəb olduğu qəfil daşqınlar nəticəsində ən azı 46 adamın öldüyünü açıqlayıb.

Nyu York şəhəri və şəhərətrafı Vestçester mahalı rəsmiləri 16 nəfərin zirzəmidəki mənzillərinin və avtomobillərin sel suları altında qalması nəticəsində öldüyünü bildirir. Qubernator Fil Mörfi Nyu Cersidə ən azı 23 nəfərin öldüyünü qeyd edib. Rəsmilərin bildirdiyinə görə, Pensilvaniyada ən azı beş, Konnektikut və Merilenddə bir nəfər ölüb.

Ayda 4-cü kateqoriya qasırğası olaraq bazar günü Luiziana ştatında quruya çatıb. Ayda-nın qalıqları şimal-şərqə istiqamətlənib, burada fırtına ilə birləşərək güclü yağışlara səbəb olub. Bunun nəticəsində Milli Hava Xidməti Nyu -York və qonşu Nyu Cersi ştatının Nyuark şəhərində ilk fövqəladə vəziyyəti elan edib.

Bir çox küçələr sürətlə çaylara çevrilib, avtomobillər və hətta avtobuslar suyun altında qalıb. Şəhərin metro sisteminin çoxu daşqın nəticəsində bağlanıb.

Nyu York qubernatoru Kati Hokul şəhəri gəzdikdən sonra jurnalistlərlə danışıb və Nyu Yorkun Mərkəzi Parkında bir saat ərzində yağan səkkiz santimetr yağışın cəmi bir həftə əvvəlki rekordu qırdığını qeyd edib.

O, əlavə edib ki, bu cür fəlakət hadisəsi artıq gözlənilməz deyil və şəhər və ştat buna hazır olmalıdır.

Cümə axşamı Ağ Evdə danışan Prezident Bayden həm Nyu Cersi, həm Nyu York, həm də bölgənin digər ştatlarının qubernatorlarına təcili yardım vədi edib və Aydanın ardından həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Bayden Aydanın ilk vurduğu ştatın, ölkənin neft istehsalı və emalı infrastrukturunun əsas mərkəzi olduğunu qeyd edib. O, benzinin ölkə daxilində axınının davam etməsini təmin etmək üçün hökumətin sürətlə hərəkət etdiyini deyib.

"Hamımız birlikdəyik. Dövlət kömək üçün buradadır" – deyə, Bayden cümə axşamı Ağ Evdə bildirib.

Prezident eyni zamanda qərbdə şiddətli fırtınalar və meşə yanğınlarının iqlim dəyişikliyi ilə əlaqəli olduğunu xatırladıb və Konqresə bu problemi həll etmək üçün tədbirləri özündə cəmləşdirən infrastruktur qanun layihəsini qəbul etməyə çağırıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG