Prezident Co Bayden Əfqanıstanın Taliban tərəfindən sürətlə ələ keçirilməsi və ABŞ-ın ən uzun müharibəsinin xaotik şəkildə sona çatması ilə əlaqədar yaranmış siyasi fırtına qarşısında mövqeyini müdafiə edir.
Aprel ayında elan etdiyi hərbi qüvvlərin Əfqanıstandan çıxarılması qərarını müdafiə edən prezident çərşənbə günü ABC tele kanalının aparıcısı Corc Stefanapolusa verdiyi açıqlamada qoşunların geri çəkilməsinin "sadə bir seçim" olduğunu və daha effektiv şəkildə həyata keçirilə bilməyəcəyini deyib.
Bayden Talibanın sürətli şəkildə Əfqanıstanı ələ keçirməsinin əvvəlcədən heç kəsin düşünə bilmədiyində israr edib. O, bu ehtimalı qoşunların çıxarılması elan olunandan bəri dəfələrlə rədd edib.
"Talibanın ölkəni ələ keçirməsi fikri təlim keçdiyimiz və silahlandırdığımız 300 min nəfərlik qoşunun təslim olması anlayışına söykənirdi. Düşünmürəm ki, kimsə bunu gözləyirdi" - deyə, Bayden bildirib.
Lakin ABŞ personalını və əfqan mütəffiqlərin nizamlı şəkildə təxliyə edilməməsi və Birləşmiş Ştataların dəstəklədiyi Əfqanıstan hökumətinin sürətlə çökməsi uzun illər Senatın Xarici Əlaqələr Komitəsində çalışmış Baydenin xarici siyasət sahəsində hesablamaları ilə bağlı şübhələrin yaranmasına səbəb olub.
"Bu liderliyin uğursuzluğu idi. Bu, əsasən də düzgün düşünmə və planlaşdırmanın uğursuzluğu idi," Brookings İnstitutunun xarici siyasət məsələləri üzrə baş elmi işçisi Maykl O'Hanlon bildirib.
Son bir neçə gün ərzində Baydenin reytinqi yeddi faiz enərək, prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb.
Reuters/Ipsos sorğu mərkəzinin bazar ertəsi apardığı anket sorğularının nəticələri yetin amerikalıların yalnız 46 faizinin Baydenin fəaliyyətindən razı olduğunu göstərir.
Administrasiya rəsmilərinin Əfqanıstandan hərbi qüvvələrin çıxarılması qərarına əsas olaraq göstərdiyi müharibənin bitməsinə olan ictimai dəstək də aşağı səviyyəyə enib.