Accessibility links

Bayden qubernatorlarla omikron variantının yayılması ilə bağlı vəziyyəti müzakirə edib


ABŞ prezidenti Co Bayden omikron variantının yayılması fonunda bazar ertəsi ştat qubernatorları ilə görüşdə COVID-19 testləri çatışmazlığı problemini aradan qaldırmaq üçün tədbirlər görəcəyini vəd edib.

Testlərin sayının artırılması səylərinin uğurlu olmadığını etiraf edən Bayden istehsalı artırmaq üçün Müdafiə istehsalı haqda qanuna müraciət edəcəyini bildirib. O həmçinin Google axtarış saytının istifadəçilər üçün ən yaxın test məntəqəsinin tapılmasını asanlaşdıracağını deyib.

“Həftə sonu bəzi insanlar üçün test olunmağın nə qədər çətin olduğunu görərək, qarşıda hələ çox iş olduğunu başa düşürük”, Bayden bildirib. "Aydındır ki, bu kifayət deyil. Bilsəydik, bacarsaydıq, daha aktiv və daha sürətli hərəkət edərdik” - deyə, ABŞ prezidenti əlavə edib.

Omikron variantı yayıldıqca testlərə tələbat də sürətlə artır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə əsasən, keçən həftənin çərşənbə günü ABŞ-da 240,000-dən çox yoluxma halı qeydə alınıb ki, bu da bu ilin yanvar ayındakı artımdan xeyli yüksəkdir.

Görüşdə iştirak edən Arkanzas ştatının respublikaçı qubernatoru Asa Haçinson Baydenə testlərin olmamasının “əsl sınaq” olduğunu deyib.

O əlavə edib ki, uşaqların təhlükəsiz şəkildə məktəbə qayıtması üçün testlərin olması çox vacibdir.

Bayden qubernatorlara bildirib ki, yoluxma hallarında artım xəstəxana çarpayıları və süni nəfəs aparatları kimi digər resursların çatışmazlığına səbəb ola bilər.

ABŞ prezideni bildirib ki, COVID-19 böhranının “federal həlli” yoxdur və “problem ştat səviyyəsində həll olunur”.

O həmçinin yoluxma hallarının artması ilə bağlı panikaya düşməməyə çağırıb.

“Bu, 2020-ci ilin mart ayı kimi deyil”, Bayden bildirib. “Biz hazırıq və insanların həyatını xilas etmək, insanları qorumaq və məktəblər və müəssisələrin açıq qalması üçün nə lazım olduğunu bilirik. Sadəcə diqqətimizi cəmləməli və birlikdə işləməyə davam etməliyik”, Bayden əlavə edib.

XS
SM
MD
LG