Accessibility links

Co Bayden silah zorakılığına qarşı yeni tədbirləri açıqlayacaq


ABŞ Prezidenti Co Bayden və baş prokuror Merrik Qarlend cümə axşamı ABŞ-da silah zorakılığına qarşı yönəlmiş bir sıra yeni tədbirlər barədə danışacaq.

Bundan əvvəl Ağ Ev bununla bağlı bəzi təfərrüatları açıqlayıb və ölkədəki silah zorakılığını “ictimai sağlamlıq epidemiyası” adlandırıb.

Ədliyyə Nazirliyindən təklif olunan qaydalardan biri seriya nömrələri olmayan və cinayətlərdə istifadə edildiyi zaman izlənməsi çətin olan “ruh” adlanan tapançaların yayılmasının dayandırılmasıdır.

Ədliyyə Nazirliyi eləcə də təhlükəli sayılan şəxsin silan almasının müvəqqəti məhdudlaşdırılması üçün ailə üzvlərinə və hüquq-mühafizə orqanlarına məhkəməyə müraciət etmək imkanı verən "qırmızı bayraq" qanunu kimi tanınan bir model hazırlamağı da planlaşdırır. Bu, ayrı-ayrı ştatlara öz qanunlarını qəbul etmək imkanı verə bilər.

Ədliyyə Nazirliyinin təklif etdiyi başqa bir qayda isə tapança üçün stabilləşdirici cihazdır. Ağ Ev bu kimi cihazların odlu silahı daha sabit və dəqiq edə biləcəyini, lakin hələ də gizlətməyin mümkün olacağını deyib.

Yeni səylərə odlu silah alveri ilə bağlı illik hesabat və icmalardakı zorakılıqlarla mübarizə tədbirləri də daxildir.

Bayden eyni zamanda Giffords Hüquq Mərkəzinin Silahlara Nəzarət Qrupunun keçmiş federal agenti və məsləhətçisi David Çipmanı ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun rəhbəri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır. Agentlikdə 25 il işləyən Çipman Nyu-Yorkun Dünya Ticarət Mərkəzinə və1990-cı illərdə Oklahoma şəhərindəki federal binadakı partlayışların araşdırılmasında iştirak edib.

Silah zorakılığına qarşı mübarizə tədbirləri keçən ay Kolorado ştatındakı bir mağazada 10 nəfərin və Atlanta şəhərindəki masaj salonlarında 8 nəfərin öldürülməsi də daxil olmaqla, son zamanlar ABŞ-da baş verən kütləvi qırğınlardan sonra baş qaldırıb.

XS
SM
MD
LG