Accessibility links

Bayden yeni məhdudiyyətlərə deyil, daha çox vaksinasiyaya çağırır


ABŞ Prezidenti Co Bayden bazar ertəsi amerikalılara koronavirusa qarşı peyvənd olunmaları üçün yenidən müraciət edib. O, həmçinin peyvəndlənən şəxslərdən əlavə gücləndirici dozanı da vurdurmağı istəyib. Prezidentin Baş həkim məsləhətçisinin dediyinə görə, yeni Omikron variantının ölkəyə daxil olması qaçılmazdır.

"Gözləməyin" deyən Bayden 60 milyon peyvənd olunmamış insana müraciətində bildirib ki, “əgər peyvənd olunmamısınızsa, indi gedin vurdurun”.

Bununla birlikdə prezident Omikron təhlükəsi səbəbindən müəssisələrin və məktəblərin yenidən bağlanmasına ehtiyac olacağına inanmadığını deyib.

Bayden yeni variantla mübarizə üçün "heç bir səyini əsirgəməyəcəyini" bildirib.

İlk dəfə Cənubi Afrikada aşkar edilən virusun bu versiyasına yoluxmalar indi bir neçə ölkədə aşkar edilib. Bayden artıq bazar ertəsidən etibarən Cənubi Afrika və Afrikanın digər yeddi ölkəsindən ABŞ-a uçuşları qadağan edib.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi doktor Entoni Fauçi ABC televiziyasının “Sabahın xeyir, Amerika” şousuna bildirib ki, alimlər növbəti 1-2 həftə ərzində mövcud COVID-19 peyvəndlərinin Omikron variantına qarşı nə dərəcədə davamlı və visurun nə qədər təhlükəli olduğu ortaya çıxarmağa çalışacaqlar.

"Biz həqiqətən heç nə bilmirik" - deyə, Fauçi bildirib.

Koronavirusun səbəb olduğu COVID-19 20 aylıq pandemiya zamanı ABŞ-da 750 000-dən çox insanın ölümünə səbəb olub. Bu da bütün dünya ölkələrindən daha çoxdur.

Bayden ABŞ-dakı peyvəndlərin həmişə ilk növbədə amerikalılar üçün və həm də pulsuz olacağını bildirib.

Bununla belə, o, ölkənin geri qalanların peyvənd olunmasına kömək etmək üçün "mənəvi öhdəliyi" olduğunu və geniş yayılmış peyvəndin qlobal pandemiyanın sona çatmasına kömək edəcəyini deyib.

Onun sözlərinə görə, ABŞ-da istehsal olunan 275 milyon vaksin dozası artıq 110 ölkəyə göndərilib.

"Biz bu virusla mübarizə üçün əlimizdən gələn hər şeyi edirik" - deyə, prezident bildirib.

XS
SM
MD
LG