Bu gün, aprelin 23-də ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışı baş tutub.
Ağ Evdən verilən məlumata görə, Prezident Bayden telefon danışığı zamanı tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və fikir ayrılıqlarının səmərəli şəkildə həllinin yer aldığı konstruktiv ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu dilə gətirib.
Açıqlamada iki liderin iyun ayında NATO sammiti çərçivəsində ikitərəfli və regional məsələləri müzakirə etmək üçün ikitərəfli görüş keçirmək üzərində razılıq əldə etdiyi də bildirilib.
Telefon görüşü ABŞ rəsmilərinin Prezident Co Baydenin Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırım kimi tanımağa hazırlaşdığını deməsindən bir gün sonraya təsadüf edib.
Ağ Ev açıqlamasında liderlərin bu məsələni müzakirə edib-etmədiklərinə dair məlumat paylaşmayıb.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin verdiyi açıqlamaya görə də liderlər ikitərəfli münasibətlərin strateji mahiyyətinə və qarşılıqlı maraq münasibətlərinə əsaslanan əməkdaşlığın genişləndirilməsi məqsədilə birlikdə işləməyin əhəmiyyətli olduğu haqda razılaşıblar.
Bu, ABŞ Prezidenti vəzifəsininin icrasında başlayandan bəri Baydenlə Ərdoğan arasında keçirilən ilk telefon danışığıdır.