Accessibility links

Baytarlıq Xidməti bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib


Qoyunlar

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, ölkə ərazisində xəstəliyin yayılma ehtimalı olmasa da nadir hallarda təsadüf edilir.

“Hazırda Dövlət Baytarlıq Xidməti bu və digər xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirir, maarifləndirmə iləri aparır. Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verilməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır”, müraciətdə qeyd edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır.

“Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir. Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır. Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır”, heyvan saxlayan şəxslərə məsləhət bilinir.

Bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, bağırsaqların iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xəstəlikdir.

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə, - insanlarda yaman keyfiyyətli şişə və qanqrenaya, dovşancıq və botulizmə, quzularda anaerob dizanteriya və anaerob enterotoksemiyaya, iribuynuzlu heyvanlarda hemorroji enterotoksemiyaya, nekrotiki enterit və hepatitə, batsilyar hemoqlobinuriyaya, qoyunlarda enterotoksemiyaya, bradzot, yaman keyfiyyətli şişə, camışlarda osteomielitə səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilər də xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir.

XS
SM
MD
LG