Accessibility links

Böyük Britaniya Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa çağırıb


Böyük Britaniya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa çağırır.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib: “Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verilməməsi üçün dialoqa çağırırıq.

Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk.

Davam edən zorakılıq regional sabitliyə və rifaha təhdid olmaqla tərəflər arasında rəsmi danışıqların yenidən başlamasının nə qədər əhəmiyyətli olmasını göstərir."

İyulun 12-dən iki ölkənin sərhədində, Azərbaycanın Tovuz rayonu, Ermənistanın isə Berd qəsəbəsi istiqamətində döyüşlər gedir. Rəsmi məlumatlara görə, döyüşlərdə Azərbaycan tərəfi 11 hərbçisini, 1 mülki vətəndaşını, Ermənistan tərəfi 4 hərbçisini itirib.

Sərhəddə gərginlik hələ də davam edir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

XS
SM
MD
LG