Accessibility links

Türk dil haqları fəalı Behnam Şeyxinin sürgün cəzası icraya yönəldilib


Tehranın Evin həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəalı Behnam Şeyxi Samanlı haqqında şərti azadlıq qərarı çıxarılıb. Hazırda məzuniyyətdə olan fəala eyni zamanda iki illik sürgün cəzasının icraya yönəldiyi bildirilib.

Behnam Şeyxi dil hüquqları uğrunda fəaliyyətlərindən dolayı Həmid Mənafi Nadarlı və Əlirza Fərşi ilə bərabər 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər. Behnam Şeyxi keçən ilin iyul ayının 21-dən bəri həbs cəzasını çəkməkdədir.

Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədinə istinadən, şərti azadlıq qərarı ilə sərbəst buraxılan fəal ikiillik sürgün cəzasını çəkmək üçün Xuzistan (Əhvaz) vilayətinin Məscid Süleyman şəhərinə çağırılıb. Sənəddə sürgün hökmünün dərhal icraya yönəlməsi istənilib.

Behnam Şeyxi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdı.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Behnam Şeyxi Samanlı, Həmid Mənafi və Əlirza Fərşiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirdi.

XS
SM
MD
LG