Haqqında böhtan ittihamı irəli sürülən rusiyalı jurnalist Mixail Beketovun apellyasiya müraciəti yuxarı məhkəmə tərəfindən qəbul olunub və o, bəraət qazanıb. Həftəlik Ximkinskaya Pravda qəzetinin redaktoru və jurnalisti 2007-ci ildə şəhər merinin onun maşınının partladılmasında əli olduğunu irəli sürdüyünə görə böhtan ittihamı ilə məhkəməyə verilmişdi.
Bir il sonra şiddətli şəkildə döyülən jurnalist şikəst qalıb. Həmin hücum nəticəsində beyni zədələnən jurnalist çətinliklə danışır və hərəkət edə bilmək üçün əlil arabasından istifadə edir. Mixail Beketov səkkiz dəfə əməliyyat edilib, onun bir neçə barmağı və bir ayağı kəsilib. O, Ximkidə mühafizə altında olan meşədən yol çəkilməsi layihəsi əleyhinə məqalələr yazdığına görə hücuma məruz qalan bir neçə jurnalistdən biridir. İnterfaksın xəbərində deyilir ki, jurnalistin fiziki və zehni cəhətdən əlil olmasına görə onun apellyasiya müraciəti insani səbəblər əsasında təmin olunub.