Accessibility links

Belçikanın səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb


Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kəstutis Yankauskas və Belçikanın Bakıdakı səfiri Bert Şufs iyulun 24-də Azərbaycan Xarici İşləır Nazirliyinə dəvət olunublar və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüblər.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, Xələfov qeyd edib ki, son zamanlar Avropanın bir çox ölkələrində və iri şəhərlərində "erməni millətindən olan radikal şəxslər vandalizm aktları" törədib, o cümlədən Azərbaycanın diplomatik missiyalarına daxil olmağa cəhd edib, Avropa ölkələrində yaşayan azərbaycanlılara qarşı hücumlar təşkil ediblər.

Xələfov iyulun 22-də Brüsseldə Azərbaycan səfirliyinin qarşısında baş verən hücumda 6 azərbaycanlının "ciddi xəsarət" aldığını deyib.

O qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Belçika səfiri deyib ki, Azərbaycanın Brüsseldəki səfirliyinin qarşısında keçirilən aksiya icazəsiz olub və səfirliyin ərazisinə çox sayda polis yerləşdirilib. Bununla belə, aksiyanın qarşısını almaq mümkün olmayıb və günahsız insanlar xəsarət alıb.

Bert Şufs əlavə edib ki, Belçika hakimiyyəti baş vermiş insidenti ciddi bir hal kimi qəbul edir, məsələ araşdırılacaq və rəsmi Bakı məlumatlandırılacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas cəbhədə baş vermiş hadisələri yaxından izlədiyini bildirib və son günlərdə Avropanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma hadisələrindən məyusluğunu ifadə edib.

Ermənistan Xarici İşlər Nazirliyi iyulun 24-də yaydığı bəyanatda xaricdə yaşayan ermənilərə "təxribatlara" qarşı ethiyatlı olmağı tövsiyə edib.

"Bu yaxınlarda biz dünyanın müxtəlif ölkələrində Ermənistan vətəndaşlarına və erməni icmalarının üzvlərinə qarşı zorakılıqların şahidi olmuşuq," deyə erməni rəsmilər baş verənlərin koordinasiya edilməsində Azərbaycanın rəsmi strukturlarını ittiham ediblər.

Rəsmi Yerevan xaricdə baş verən etnik toqquşmaları "kəskin qınadığını" bəyan edib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq iyulun 16-dək davam edən silahlı qarşıdurmada hər iki tərəfdə itkilər olub.

ATƏT-in Minsk Qrupu, ABŞ və Avropa İttifaqı tərəfləri atəşkəsi pozmamağa və döyüşləri dərhal dayandırmağa çağırıb.

XS
SM
MD
LG