Accessibility links

Belarus jurnalisti mediaya qarşı davam edən təzyiqlər fonunda 10 sutka həbs edilib


Minsk məhkəməsi “Azadlıq” radiosunun Belarus xidməti ilə əməkdaşlıq edən müstəqil jurnalist Andrey Kuzneçiki 10 sutka həbs edib. O, xırda xuliqanlıqda təqsirli bilinib.

Hökm noyabrın 26-da çıxarılıb və bir neçə gündən sonra jurnalistin yaxınlarına elan edilib. Andrey Kuzneçik məhkəmədə özünü təqsirli bilməyib. “Azadlıq” radiosunun Belarus xidmətinin məlumatına görə, jurnalist Minskdə Daxili İşlər Nazirliyinin xüsusi təcridxanasında saxlanılır.

Andrey Kuzneçik ilə noyabrın 25-dən əlaqə kəsilib. Həyat yoldaşı Alesya Rak onun axşam saat 5 radələrində velosiped sürməyə getdiyini, lakin tez zamanda mülki geyimdə olan dörd şəxslə birlikdə evə qayıtdığını, daha sonra isə evdə axtarış aparıldığını deyib. Axtarış nəticəsində evdən elektronika, telefon və nağd pul götürülüb. Andrey Kuzneçik saxlınlmasının səbəbləri açıqlanmadan dörd nəfər tərəfindən aparılıb.

Aleksandr Lukaşenko rejimi Belarusda müstəqil medianı bütünlüklə sıxışdırmaq üçün səylərini davam etdirir.
Azad Avropa/Azadlıq Radiosunun prezidenti Ceymi Flay

Belarusda gərginlik 1994-cü ildən hakimiyyətdə olan Lukaşenkonun 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərinin qalibi elan edilməsindən sonra artıb. Lukaşenkonun opponentləri və Qərb ölkələri seçkilərin saxtalaşdırıldığını iddia edərək, Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edir.

Prezident seçkilərinin ardınca keçirilən etiraz aksiyalarından sonra on minlərlə insan saxlanılıb və hüquq müdafiəçilərinin məlumatına görə, hazırda 800-dən çox insan siyasi məhbus kimi həbsxanalardadır.

Belarus hökuməti müstəqil mediaya qarşı təqibləri artırıb, müstəqil media və müxalif sosial media kanalları hücuma məruz qalıb.

Hazırda ölkədə 29 jurnalist həbsdədir, onlarla jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb. Bir çox qərbli media işçisi ölkədən çıxarılıb. 2021-ci ilin iyul ayında Minskdə “Azadlıq” radiosunun ofisinə basqın edilib. Bir neçə jurnalist saxlanılıb və sonradan ölkəni tərk etməmək barədə vəsatətlə sərbəst buraxılıb.

Belarus xidmətinin ştatdankənar məsləhətçisi İqor Losik 2020-ci ildən həbsdədir. O, bir sıra tanınmış müxalifətçilərlə birlikdə ictimai düşmənçiliyi qızışdırmaqda və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunur, bu maddələrlə onu 12 ilədək həbs cəzası gözləyir.

Azad Avropa/Azadlıq Radiosunun prezidenti Ceymi Flay ölkədə jurnalistlərin təqib edilməsini “Belarus hakimiyyətinin insanların gördükləri və eşitdikləri hər şeyi nəzarətə götürmək cəhdi” adlandırıb.

“Aleksandr Lukaşenko rejimi Belarusda müstəqil medianı bütünlüklə sıxışdırmaq üçün səylərini davam etdirir” - deyə, Ceymi Flay Andrey Kuzneçikin saxlanıldığı gün bildirib.

XS
SM
MD
LG