Accessibility links

Belarus prezidentinin andiçmə mərasimi olub


Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə günü keçirilən inaqurasiya mərasimindən sonra vəzifəsinin altıncı dönəminə başlayıb.

Avtoritar liderin yenidən seçilməsinə qarşı olan müxalifət fəallarının seçkilərin saxtalaşdırıldığını deyərək, həftələrdir keçirilən kütləvi nümayişlərə görə andiçmə mərasimi əvvəlcədən elan edilməyib.

Dövlət xəbər agentliyi Belta andiçmə mərasiminin bir neçə yüz yüksək vəzifəli dövlət məmuru, millət vəkilləri, media təşkilatlarının nümayəndələri və digər tanınmış simaların iştirakı ilə Minskdə keçirildiyini bildirib.

Sağ əlini ölkənin konstitusiyasının üzərinə qoyan 66 yaşlı Lukaşenko Belarus dilində and içib. Bundan sonra ölkənin Mərkəzi Seçki Komissiyasının sədri ona Belarus prezidentinin rəsmi şəxsiyyət vəsiqəsini təqdim edib.

"Prezident vəzifəsinə başladığım gün inam və taleyüklü qələbəmiz günüdür. Məni yalnız ölkə prezident seçmədiniz, bizim dəyərlərimizi, sülh içərisindəki həyatımızı, suverenliyimiz və mütəqilliyimizi müdafiə etdiniz" - deyə, Lukaşenko bildirib.

Lukaşenko 9.5 milyonluq keçmiş sovet respublikası Belarusu 26 ildir dəmir yumruqla idarə edir. Avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələri səslərin 80 faizini Lukaşenkonun, onun ən güclü rəqibi Svetlana Tixanovskayanın isə səslərin 10 faizini qazandığı bildirilmişdi.

Belarusdan qaçmaq məcburiyyətində qaldıqdan sonra mühacirətdə olan Tixanovskaya seçkilərin nəticələrini qəbul etməyib. Altı həftədən çoxdur davam edən kütləvi etiraz aksiyalarınin minlərlə iştirakçısı Lukaşenkonun istefasını tələb edir.

ABŞ və Avropa Birliyi seçkiləri şübhə altına alıb və nümayişlərin ilk günlərində polisin dinc etirazçılara qarşı amansız zorakılıqlarını tənqid edib.

XS
SM
MD
LG