Bazar günü Minskdə on minlərlə etirazçı prezident Aleksandr Lukaşenkonu istefaya çağıran yürüşə çıxıb. Belarusda etirazlar ölkəyə uzun müddətdir liderlik edən Lukaşenkonun yenidən hakimiyyətdə qalması ilə nəticələnmiş mübahisəli seçkilərdən sonra beşinci həftədir davam edir.
Əllərində müxalifətin qırmızı və ağ rəngli bayraqlarını dalğalandıran kütlə “get” və “sən siçovulsan” şüarları səsləndirib.
"Elan edilən seçki nəticələri ilə razı deyiləm, bütün etirazçıları dəstəkləyirəm, azadlıq və demokratiyanın tərəfdarıyam, xoşbəxt və azad bir dövlətdə yaşamaq istəyirəm. Hüquqlarımızı bərpa edənə qədər buraya gəlməyə davam edəcəyəm" - deyə, etirazçılardan biri bildirib.
Polis və ordu Minskin mərkəzini mühasirəyə alıb, lakin bu, nümayişçilərin şəhərin mərkəzindən təxminən üç kilometr kənardakı prezident iqamətgahının yaxınlığına yürüş etmələrinin qarşısını almayıb.
"Buraya Lukaşenkoya qarşı vətəndaş mövqeyimi bildirmək üçün gəldim. Saxta seçkilərə, vətəndaşlarımıza qarşı göstərdiyi davranışa görə gəldim" - deyə, Marina adlı digər etirazçı bildirib.
Nümayişçiləri dağıtmaq üçün polis hərbi maşınlardan, su şırnağından və bibər qazından, mülki geyimli və maskalı şəxslər isə dəyənəklərdən istifadə edib.
Minskdə qərargahlaşan "Vesna" İnsan Hüquqları Mərkəzi və yerli media paytaxtda 100-dən çox olmaqla, Belarus boyu 200-dən çox etirazçının həbs edildiyini bildirib.
Bir aya yaxındır davam edən etirazlar zamanı 7 mindən çox insanın həbs edildiyi, zorakılıq və işgəncələr barədə çox sayda dəlilin olduğu bildirilib.
Belarusun müxalifət lideri Sviatlana Tixanovskaya özünün və uşaqlarının təhlükəsizliyi üçün seçkidən sonra Litvaya qaçmalı olub.