Accessibility links

Azadlıq Radiosunun həbsdə olan belaruslu jurnalisti azad edilməyib


Mübahisəli xuliqanlıq ittihamı ilə 10 gün həbs cəzasına məhkum edilən Azad Avropa/Azadlıq Radiosunun Belarus xidmətində işləyən müstəqil jurnalisti cəza müddəti dekabrın 6-da başa çatmasına baxmayaraq, azad edilməyib.

İttihamı qəbul etməyən Andrey Kuzneçikə qarşı noyabrın 26-da hökm oxunub. O, Minskin məhbusların işgəncələrə məruz qaldıqlarını dedikləri məşhur Okrestina təcridxanasında saxlanılırdı.

Kuzneçikin yaxınları dekabrın 6-da onun azadlığa buraxılması barədə hələ də onlara məlumat verilmədiyini bildiriblər. Belarus hökuməti məsələ ilə bağlı şərh verməyib.

Həyat yoldaşı Alesya Rakın dediyinə görə, Kuzneçik noyabrın 25-də velosiped sürməyə çıxıb, geri isə mülki geyimli dörd nəfərin müşayiəti ilə qayıdıb.

Alesya Rak heç bir sənəd göstərməyən şəxslərin daha sonra yalnız iki azyaşlı uşağının otağından başqa onların mənzilində axtarış apardıqlarını deyib. Daha sonra isə Kuzneçik saxlanılmasının səbəbini açıqlamayan şəxslər tərəfindən aparılıb.

Həftə sonu 15 günlük həbs müddətinin dekabrın 4-də başa çatmasına baxmayaraq, Paval Belavus adlı daha bir belaruslu jurnalist həbsdən azad edilməyib.

Belavus icazəsiz mitinqdə iştirak etməkdə təqsirli bilinib və ona noyabrın 19-da hökm oxunub. O da Okrestsina təcridxanasında saxlanıb.

Belarusda gərginlik 1994-cü ildən hakimiyyətdə olan Lukaşenkonun 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərinin qalibi elan edilməsindən sonra artıb. Lukaşenkonun opponentləri və Qərb ölkələri seçkilərin saxtalaşdırıldığını iddia edərək, Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edir.

Prezident seçkilərinin ardınca keçirilən etiraz aksiyalarından sonra on minlərlə insan saxlanılıb və hüquq müdafiəçilərinin məlumatına görə, hazırda 800-dən çox insan siyasi məhbus kimi həbsxanalardadır.

Belarus hökuməti müstəqil mediaya qarşı təqibləri artırıb, müstəqil media və müxalif sosial media kanalları hücuma məruz qalıb.

Hazırda ölkədə 29 jurnalist həbsdədir, onlarla jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb. Bir çox qərbli media işçisi ölkədən çıxarılıb.

XS
SM
MD
LG