Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı koronavirus testinin müsbət çıxdığını, lakin bunun öhdəsindən müvəffəqiyyətlə gəldiyini bildirib. O, çox vaxt "Avropanın son diktaturası" adlandırılan bu keçmiş Sovet respublikasındakı seçki dövründə yeni bir dönüşün baş verdiyini deyib.
65 yaşlı Lukaşenko bunu Minskdə Daxili İşlər Nazirliyi qoşunları qarşısında çıxışı zamanı xırıltılı səslə deyib. Uzun müddətdir ölkəyə başçılıq edən Belarus lideri əlavə edib ki, səsinin batmasına səbəb son zamanlar işinin ağır olmasıdır.
"Səsimə görə üzr istəyirəm. Son vaxtlar çox çıxış etməli oluram" deyib Lukaşenko.
"Lakin daha təəccüblüsü budur ki, indi koronavirusu ayaqları üstündə keçməyi bacaran bir insanla görüşürsünüz. Həkimlər bu nəticəyə dünən gəlib. Bu xəstəlik məndə asimptomatikdir” - deyə, o əlavə edib.
Belarus lideri nə vaxt xəstələndiyini və ya həkimlərə nə vaxt müraciət etdiyi barədə heç nə deməyib.
Müşahidəçilərin dediyinə görə, Lukaşenkonun son aylar görüşlər üçün planlaşdırılan cədvəli heç dəyişməyib.
O, ətrafındakıları yoluxdurmamaq üçün nə maska taxıb, nə də başqa sağlamlıq tədbirləri görüb.