Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel çərşənbə günü telefon danışığında Belarus-Polşa sərhədindəki miqrant böhranının Minsk və Brüsseldə müzakirə edilməsi ilə bağlı razılığa gəlib.
Belarus lideri və Merkel “problemin bütövlükdə Belarus və Aİ səviyyəsinə çatdırılması ilə bağlı razılığa gəldilər” - deyə, BelTA xəbər agentliyi Lukaşenkonun mətbuat xidmətinə istinadən bildirib.
“Hər iki tərəfdən müəyyən ediləcək müvafiq vəzifəli şəxslər mövcud problemlərin həlli üçün dərhal danışıqlara başlayacaq” - deyə, məlumatda bildirilib.
Avropa ölkələri Belarus prezidenti Aleksandr Lukaşenkonu Belarusu demokratiya tərəfdarı etirazçıları sıxışdırdığına görə Avropa İttifaqının sanksiyalarına cavab olaraq, əksəriyyəti Yaxın Şərqdən olan minlərlə miqrantı sərhədi qanunsuz keçməyə sövq etməkdə ittiham edib. Belarus sərhəddə miqrantların toplanmasını təşkil etdiyini inkar edib.
Noyabrın 8-dən bəri əsasən Yaxın Şərqdən olan minlərlə miqrant düşərgədə ilişib qalıb. Onların əksəriyyəti ölkələrindəki münaqişə və qeyri-sabitlikdən qaçaraq, Almaniya və ya Qərbi Avropanın digər ölkələrində imkanlar əldə etmək istəyir.
Noyabrın 15-də Brüsseldə görüşən blokun 27 xarici işlər nazirləri Belarusa qarşı sanksiya rejiminə düzəliş edib. Belə ki, bu sanksiyalar Belarusun Polşa, Latviya və Litva ilə sərhədlərində qarşıdurmada iştirak etdiyi iddia edilən aviaşirkətlər, səyahət agentləri və şəxsləri cəzalandırmaq üçün nəzərdə tutulub.