Belarusun müxalif teleqram kanalları fevralın 11-də Minskdə kütləvi etiraz aksiyasının keçiriləcəyini elan edib. Küçələrə çıxmaq çağırışını "Belarusun Beyni" teleqram kanalı yayıb.
"Bütün qaynaqları və təbliğatları, təhlükəsizlik sistemini və özlərinə inamı itirənləri, yorğun olanları bizim üzərimizə salıblar. Bu plan geri çəkilməyən, iştirak etməyi planlaşdıran və bütün risklərə hazır olanlar üçündür" - müraciətdə deyilir.
Etirazçılara saat 17:00-da Minskin Nemiqa rayonunda toplaşaraq, oradan Opera Teatrı və daha sonra Müstəqillik prospektinə yürüş etmək təklif olunur.
Günortadan saat 14:00-a qədər Minskin mərkəzində Ümum Xalq Məclisinin keçirilməsinin qeyri-legitimliyi ilə əlaqədar olaraq plakatlar və transparantların nümayiş etdirilməsi ilə həmrəylik aksiyaları planlaşdırılır.
Sürücülər günortadan etibarən "etiraz əlaməti olaraq şəhərin hər tərəfində, xüsusən də Müstəqillik prospekti, Qələbə və Nemiqa küçələrində və Lukaşenkonun Sarayı ətrafında" həmrəylik olaraq siqnallar verməyə çağırılıb.
Teleqram kanalları eləcə də sürücüləri şəhərin mərkəzində işıqforların qarşısında siqnallar vermək, süni tıxaclar yaratmaqla mümkün qədər təhlükəsizlik qüvvələrinin hərəkətini əngəlləməyə çağırıb.
Fevralın 11-də Minskdə iqtidaryönlü Ümum Belarus Xalq Məclisi forum keçirəcək. Tədbirdə hakimiyyət rəsmiləri, dövlət şirkətlərinin rəhbərləri, hökumətə sadiq elm və mədəniyyət xadimləri və başqa nümayəndələr iştirak edəcək.