Accessibility links

Belarusda jurnalistlərə qarşı təqiblər davam edir


Belarusdakı mübahisəli seçkilərdən üç ay sonra etirazçıların və jurnalistlərin həbsi, döyülməsi və onlara qarşı təzyiqlər davam edir. Bazar günü bu Şərqi Avropa ölkəsinin şəhərlərində keçirilən nümayişlərdə 1000-dən çox etirazçı həbs edilib.

Bu, prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə avqust ayında başlayan etiraz aksiyalarından bəri ən böyük həbs hallarıdır.

Beynəlxalq müşahidəçilərin və müxalifətin ədalətli və şəffaf olmadığını deməsinə baxmayaraq, avqustun 9-da keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edən Lukaşenkoya qarşı Belarusda hər həftə sonu mitinqlər keçirilir. Əsas müxalifət partiyalarının liderləri ya həbs edilib, ya da ölkədən qaçmağa məcbur olub.

"Avqust ayının sonundan bəri ölkədə vəziyyət yenidən gərginləşib və jurnalistlər yenidən yox olmağa başlayıb" - deyə, Belarus Jurnalistlər Birliyinin (BAJ) sədri Andrey Bastunets Amerikanın Səsinə bildirib.

Bu vaxta qədər Belarus Jurnalistlər Birliyi azı 60 jurnalistin həbs olunduğunu və döyüldüyünü sənədləşdirib. Onlardan azı 16-sı hələ də həbsdədir. Bundan əlavə, hökumət beynəlxalq jurnalistlərə verilən akkreditasiyanı ləğv edib, yerli və xarici mediaya qarşı cərimə və ya cinayət kimi iddialar irəli sürüb, internetə girişi qadağan edib.

Mediaya qarşı ittihamlara itaətsizlik və “tədbirdə icazəsiz iştirak” da daxildir.

Beynəlxalq ictimaiyyət Belarusu yeni seçkilər keçirməyə çağırıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sentyabr ayında bölgəyə mütəxəssislər göndərməsinə icazə verən “Moskva mexanizmi”nin hesabatında isə Belarusda "kütləvi və sistematik" hüquq pozuntularının olduğu qeyd edilib.

Belarus Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətin tənqidini və ATƏT-in “Moskva Mexanizmi“ni tətbiq etmək qərarını rədd edib.

Associated Press və BBC-nin jurnalistləri də daxil olmaqla, bir çox jurnalist nümayişləri işıqlandırarkən həbs edildiklərini və döyüldüklərini deyib.

Müstəqil BelaPAN xəbər agentliyinin analitik layihələr üzrə rəhbəri Aleksandr Klaskovski Belarus hökumətinin etirazlara münasibətinin onu dəhşətə gətirdiyini deyib.

"Dəhşətli şeylər baş verdi. Mən küçələrdə insanları döyən təhlükəsizlik qüvvələrinin vəhşiliyini nəzərdə tuturam. Sonra da bir çox dəhşətli detallar öyrəndik" - deyə, Klaskovski Amerikanın Səsinə bildirib.

Klaskovski avqustun 9-dan dərhal sonra internetə girişin üç gün bağlandığını deyib. O, etirazlar zamanı da internetə məhdudiyyətlər qoyulduğunu, Belarusun Tut.by kimi bir neçə məşhur xəbər saytının bloklanmaq və ya işlərini dayandırmaqla hədələndiyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG