Accessibility links

“Belarus sərhədindəki müvəqqəti düşərgədə olan miqrantlar avtobuslarla aparılır“


Polşanın hökumət rəsmisinin çərşənbə günü bildirdiyinə görə, Belarusun qərb sərhədindəki müvəqqəti düşərgədə olan miqrantlar avtobuslarla aparılır.

Noyabrın 8-dən bəri əsasən Yaxın Şərqdən olan minlərlə miqrant düşərgədə ilişib qalıb. Onların əksəriyyəti ölkələrindəki münaqişə və qeyri-sabitlikdən qaçaraq, Almaniya və ya Qərbi Avropanın digər ölkələrində imkanlar əldə etmək istəyir.

Çərşənbə axşamı Polşa Belarus prezidenti Aleksandr Lukaşenko hökumətini miqrantları tüstü qumbaraları və digər silahlarla təmin etməkdə ittiham etdikdən sonra Polşanın təhlükəsizlik qüvvələri sərhəd boyu daş atan miqrantlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Lakin çərşənbə günü Polşa daxili işlər nazirinin müavini Masey Vasik gərginliyin azaldığını və hazırda bağlı olan düşərgədə daha az insanın olduğunu bildirib.

“Mən Lukaşenkonun miqrantları aparmaq üçün ilk avtobuslar təqdim etdiyini eşitdim. Kuznitsa yaxınlığındakı düşərgə yavaş-yavaş boşalır” - deyə, Associated Press-in məlumatına görə, Vasik bildirib.

Associated Press xəbər verib ki, Belarus-Polşa sərhədinin hər iki tərəfində jurnalistlərə məhdudiyyət qoyulduğu üçün Vasikin məlumatını yoxlamaq çətin olub.

Belarusun Belta dövlət xəbər agentliyi bildirib ki, miqrantlar sərhəddəki logistika mərkəzinə yerləşdirilir.

France-Presse xəbər agentliyinin məlumatına görə, Polşanın müdafiə naziri Mariuş Blaşak çərşənbə günü Polşanın Jedynka Radiosuna verdiyi müsahibədə sərhəddəki böhranın aylar və hətta illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG