Accessibility links

Yüzlərlə insan Minskdə yürüş keçirib


Belarusun seçki rəsmiləri avqustun 9-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün iki əsas müxalifət namizədini qeydə almaqdan imtina etdikdən sonra çərşənbə axşamı yüzlərlə insan Minskdə yürüş keçirib.

"Biz qəti şəkildə vicdanlı və ədalətli seçkilərin tərəfdarıyıq" - deyə, bir etirazçı bildirib.

Etirazçılardan neçəsinin həbs olunduğu məlum deyil.

Seçki komissiyası beş namizədin adlarını bülletenlərə yazmalarına icazə verib, lakin müxalifətdən olan namizədlər Valeriy Tsepkalo və Viktor Babarikonun adlarını yazmağa yer ayırmayıb. Onların hər ikisi uzun illərdir hakimiyyətdə olan prezident Aleksandr Lukaşenkoya qarşı yeganə ciddi rəqiblər sayılır.

Tsepkalo Belarusiyanın ABŞ-dakı keçmiş səfiridir. Seçki rəsmiləri onun adının seçki bülleteninə salınması üçün petisiyada göstərilən adların etibarsız olduğunu iddia edir.

Rusiyaya məxsus bir bankın keçmiş rəhbəri olan Babariko çirkli pulların yuyulması ittihamı ilə keçən ay həbs olunmuşdu. Lakin o, ona qarşı irəli sürülən ittihamı rədd edib.

Avropa Birliyi Xarici Siyasət İdarəsinin rəhbəri Cosep Borell deyib ki, Tsepkalo və Babarikonun adlarının bülletenlərdən çıxarılması "Belarus xalqının öz iradəsini ifadə etmə imkanını məhdudlaşdırır, seçkilərin bütövlüyünü və demokratikliyini pozur".

Siyasi müşahidəçilər Tsepkalo və Babarikonun səçkilərə buraxılmamasının Lukaşenkonun hakimiyyətdə daha bir müddət qalmasına imkan verəcəyini deyir. 26 ildir Belarusu dəmir yumruqda idarə edən Lukaşenko söz azadlığını boğur, müxalifətə və müstəqil mediaya təzyiqlər göstərir.

Lukaşenko Rusiyadan uzaqlaşıb, ABŞ və Avropa liderləri ilə daha yaxşı əlaqələr qurmağa çalışaraq, öz avtoritar imicini dəyişməyə çalışıb.

XS
SM
MD
LG