Accessibility links

Tixanovskaya Belarusiyaya rəhbərlik etməyə hazır olduğunu deyib


Belarus müxalifətçisi Svetlana Tixanovskaya illərdir ölkəni idarə edən prezident Aleksandr Lukaşenkonun mübahisəli seçkilərin qalibi elan edilməsinin kütləvi etirazlara səbəb olmasından sonra ölkənin lideri olmağa hazır olduğunu deyib.

Bazar ertəsi daha bir səsvermə keçirilməsindən imtina edən Lukaşenko hökuməti paylaşmağı düşündüyünü, lakin bunu küçə etirazlarının təzyiqi altında etməyəcəyini bildirib.

Onun seçkilərdəki rəqibi Litvadan yayımlanan video mesajında bunları deyib: "Biz hamımız 26 il əvvəl düşdüyümüz düyündən qurtarmaq istəyirik. Mən bu dövrdə məsuliyyəti öz üzərimə götürməyə və ümummilli lider olmağa hazıram. Vəziyyəti sakitləşdirmək və normal həyata qayıtmaq, siyasi məhbusları azad etmək və ən qısa müddətdə qanunverici bir baza yaradaraq, yeni prezident seçkilərinin təşkili üçün şərait yaradılmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul ediləcək həqiqi, dürüst və şəffaf seçkilər keçirilməlidir".

Tixanovskaya Belarus hərbi qüvvələrini də etirazçılara qoşulmağa çağırıb.

Bazar günü Belarusun paytaxtı Minskə 200 minə yaxın etirazçı yürüş edib, Başqa bir yürüş edən Lukashenko tərəfdarlarının da sayı çox olub.

Minsk şəhərinin mərkəzindəki Qələbə Parkı yaxınlığında başlayan bu yürüş keçmiş Sovet respublikasının tarixindəki ən böyük etiraz yürüşü idi.

Bazar ertəsi minlərlə zavod işçisi "saxta" seçkilərə etiraz məqsədi ilə tətil edib. Lukaşenkonun ziyarət etdiyi traktor zavodunun bəzi fəhlələri o danışarkən şuarlar bağırıb.

"Daha bir seçki məni öldürəndən sonra ola bilər" - deyə, Lukaşenko bildirib.

XS
SM
MD
LG