Belarusun müxalifət lideri Svetlana Tixanovskaya və ölkənin demokratik müxalifətinin digər liderləri dekabrın 16-da Avropa Parlamentinin 2020-ci il Saxarov Fikir Azadlığı Mükafatına layiq görülüb.
Mükafatı Tixanovskayaya Avropa Parlamentinin prezidenti David Sassoli təqdim edib. Tixanovskaya mükafatı Belarusda avqust ayında keçirilən və Qərbin nəticələrini qəbul etməkdən imtina etdiyi prezident seçkilərindən sonra ölkədə hakimiyyətin ötürülməsini asanlaşdırmaq üçün siyasi müxalifət tərəfindən yaradılmış Koordinasiya Şurasının adından qəbul edib.
"Ətrafımıza görünməz qorxu divarı tikilib", Svetlana Tixanovskaya mükafatı alarkən söylədiyi nitqində bildirib. "Ancaq bu il, bir araya gələrək, bu qorxu divarının kərpic-kərpic dağıdıla biləcəyinə inanırıq. Daha yaxşı Belarus xəyalı bizə güc verir", o əlavə edib.
"Azad Belarus olmadan Avropa həqiqətən azad deyil", müxalifət lideri deyib. "Yaşasın Avropa, yaşasın Belarus!", Tixanovskaya nitqini bu sözlərlə bitirib.
"Sizin döyüşünüz bizim mübarizəmizdir", Sassoli mükafatın təqdimatı mərasimində Belarus müxalifət üzvlərinə deyib.
Tixanovskaya nüfuzlu mükafatın təqdimatı mərasimi ərəfəsində Avropa İttifaqı liderləri ilə danışıqlar aparmaq üçün Brüsselə səfər edib.
Sassoli Belarus müxalifətinin təmsilçilərinin düşüncə və ifadə azadlığının müdafiəsində göstərdikləri cəsarət və qətiyyətə görə tanındıqlarını bildirib.
Hər il təqdim edilən $59,180 dollar dəyərində insan haqları mükafatı sovet fiziki və dissident Andrey Saxarovun adını daşıyır və 1988-ci ildə insan hüquqları və fundamental azadlıqları müdafiə edən şəxslərə və təşkilatlara təqdim edilmək üçün təsis edilib.
Mükafat Svetlana Tixanovskaya, Mariya Kalesnikava, Veranika Tsapkala, Volha Kavalkova və Serhey Dilvski də daxil olmaqla Koordinasiya Şurasının bir neçə üzvünə, Nobel mükafatı laureatı Svetlana Alekseyeviçə, Tixanovskayanın həbsdə olan əri Sergey Tixanovski və bir sıra digər fəallara verilib.
Uzun müddətdir hakimiyyətdə olan belarus prezidenti Aleksander Lukaşenkoya qarşı etirazlar avqustun 9-da keçirilən mübahisəli prezident seçkilərindən bəri davam edir.
1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko 80 faizdən çox səs toplayaraq rəsmi olaraq qalib elan edilib. Lakin müxalifət liderləri və belarusların çoxu seçkilərin saxtalaşdırıldığını deyərək, müxalif namizəd Svetlana Tixanovskayanın seçkilərin həqiqi qalibi olduğuna inandığını bildirir.
Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, polisin etirazçılara qarşı qəddar basqıları nəticəsində 27 mindən çox etirzaçı həbs edilib. İşgəncə və pis rəftara dair etibarlı məlumatların olduğu, etirazçılardan bir neçəsinin öldüyü bildirilir.