Accessibility links

Belarus məhkəməsi Svetlana Tixanovskayanın həyat yoldaşını 18 il azadlıqdan məhrum edib


Belarus məhkəməsi mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Serqey Tixanovskini 18 il azadlıqdan məhrum edib. O, ötən il ölkədə keçirilən mübahisəli prezident seçkilərindən əvvəl təhlüləsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

İnsan haqları qrupları o və Homel şəhərində məhkum olunmuş beş nəfərin hamısını siyasi məhbus adlandırır. 173 gün davam edən məhkəmə prosesi Belarus tarixində ən uzun çəkən məhkəmələrdən biri olub.

Seçkilərdən diskvalifikasiya edilməmişdən əvvəl Serqey Tixanovski video blogerlik fəaliyyəti ilə məşğul idi. Müxalifət və qərb ölkələrinin bildirdiyinə görə, seçkilərdən uzaqlaşdırıldıqdan sonra həyat yoldaşı Svetlana Tixanovskaya marafona qoşulduğunu elan edib, seçkilərin qalibi olmuşdu.

Svetlana Tixanovskaya seçkilərdən sonra özünün və övladlarının təhlükəsizliyindən narahat olduğu üçün Litvada mühacirətdə yaşayır.

"Bu insanların mövcudluğu rejim üçün cinayətdir. Onlar azad Belarusda yaşamaq istədikləri üçün repressiyaya məruz qalırlar" - deyə, Tsixanovskaya hökm xəbəri çıxdıqdan dərhal sonra Twitterdə yazıb.

"Diktator açıq şəkildə ən güclü rəqiblərindən qisas alır. Siyasi məhbusları qapalı məhkəmələrdə gizlətməklə yanaşı, repressiyaları sükutla davam etdirəcəyinə ümid edir. Amma bütün dünya buna baxır. Biz dayanmayacağıq" - deyə, o əlavə edib.

Digər bir bloqer, Azadlıq Radiosunun məsləhətçisi İhar Losik isə 15 il müddətinə azadlıqdan məhrum edilib. O da seçkilərdən əvvəl həbs edilib və Telegram kanalından istifadə edərək ictimai asayişin pozulmasına səbəb olan addımlar atmaqda günahlandırılır.

Azadlıq Radiosunun prezidenti Ceymi Flay Lukaşenko rejimini Losik və digər jurnalistlərə qarşı “qınanılan” rəftarına son qoymağa çağırıb.

“Onun və digər müttəhimlərin son beş ayda bağlı qapılar arxasında aparılan məhkəməsi ədalətin parodiyasıdır. Biz bir daha Lukaşenko rejimini xəbər təşkilatlarına, İhar kimi jurnalistlərə və blogerlərə hücumları dayandırmağa, onu həyat yoldaşı və qızının yanına qayıtmağa icazə verməyə çağırırıq” - deyə, Flay hökmdən əvvəl deyib.

Məhkəmədəki digər təqsirləndirilən şəxslər arasında prezidentliyə keçmiş namizəd Mikalay Statkeviç 14 il, müxalif fəallar Uladzimer Tixanoviç 15 il, Artyom Sakau və Dimitri Papou 16 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG