Accessibility links

ABŞ və Avropa Birliyi Belarusa xəbərdarlıq edib


ABŞ və Avropa Birliyi Belarusa xəbərdarlıq edib
ABŞ və Avropa Birliyi Belarusa xəbərdarlıq edib

ABŞ dövlət katibi Hillari Klinton və Avropa Birliyinin ali nümayəndəsi Kətrin Aştonun bu gün verdikləri birgə bəyanatda seçkilərdən sonrakı zorakılıqlar məhkum edilir, seçkilərdən sonra nəzarət altına alınan prezident namizədləri və 600-dən çox nümayişçinin dərhal azadlığa buraxılması barədə çağırışlar təkrar olunur.

Belerusda keçirilən Prezident seçkiləri və bundan sonra baş verən hadisələrə rəaksiyalar davam edir. ABŞ dövlət katibi Hillari Klinton və Avropa Birliyinin ali nümayəndəsi Kətrin Aştonun bu gün verdikləri birgə bəyanatda seçkilərdən sonrakı zorakılıqlar, prezident namizedlərinə və siyasi fəallara qarşı hədsiz dərəcədə gücdən istifadə olunması məhkum edilir, seçkilərdən sonra nəzarət altına alınan prezident namizədləri və 600-dən çox nümayişçinin dərhal azadlığa buraxılması barədə ABŞ və Avropa Birliyinin əvvəlki çağırışları təkidlə təkrar olunur.

ABŞ dövlət katibi və Avropa Birliyinin ali nümayəndəsinin birgə bəyanatında, ATƏT-in seçki monitorinq missiyasının bildirdiyi seçki prosesi və səslərin sayılmasındakı ciddi problemlərin mövcudluğuna yer verilir və Belarus hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün seçki prosesində əsaslı dəyişiklikləri həyata keçirməyə çağrılır. Sənəddə siyasi fəalların, vətəndaş cəmiyyətinin və müstəqil jurnalistlərin fəaliyyətinə şərait yaratmaq üçün hökumətin müəyyən addımlar atmasının zəruriliyi vurğulanır.

Birgə bəyanatda Birləşmiş Ştatlar və Avropa Birliyinin Belarusla əlaqələrində mühüm inkişaflar üçün bu ölkədə insan hüquqları və demokratiyaya hörmət edilməsinin əsaslı amil olduğu qeyd edilir. Sənəddə Belarus xalqı və bu ölkənin vətəndaş cəmiyyəti ilə əməkdaşlığın davam etdiriləcəyi də qeyd olunur.

Karnegi Sülh Təşkilatının Brüsseldə yerləşən Avropa Şöbəsində tədqiqatçı kimi fəaliyyət göstərən Olga Shumlyo Tapiola Amerikanın səsinə verdiyi müsahibədə deyib ki, Belarusda seçkilərdən sonrakı hadisələrin nəyə görə və necə başladığı barədə hələ tam məlumat yoxdur. O, hadisələrə görə hansı tərəfin təqsirli olduğunun müəyyən edilməsinin çətinliyini diqqətə çatdıraraq bildirir ki, bir qrup insanın hökumət binasını tutması, polisin onların qarşısını almaq cəhdi və onların bəzilərini döyməsi, hətta binanın tutulmasında iştirak etməyən adamların da polis tərəfindən döyülməsi sübuta yetirilib buna baxmayaraq o zorakılıqlara görə hansı tərəfin məsuliyyət daşıdığı barədə fikir söyləməkdən ehtiyat etdiyini deyib. Olga Shumlyo Tapiola hadisələrin Belarusun gələcəyi üçün müsbət olmadığını, buna baxmayaraq əvvəlki seçki ilə müqayisədə müəyyən tərəqqi əldə edildiyini söyləyir : “ Baş verənlər nə ölkə, nə onun gələcəyi nə də əhalisi üçün yaxşı olmadı. Ancaq seçkilərin keçmişdəkindən daha yaxşı keçməsi, seçki məcəlləsində dəyişiklik edilərək bir qədər ATƏT standartlarına yaxınlaşmış olması olduqca müsbət addımdır.”

Olga Shumlyo Tapiolanın fikrincə, bu inkişaflar Avropa Birliyi tərəfindən də müsbət qarşılanıb. Buna baxmayaraq xanım Tapiola seçkilərdən sonra baş verən zorakılıqların Qərb tərəfindən mənfi qarşılandığını vurğulayır. O, ATƏT-in seçkilərlə bağlı bəyanatında bu hərəkətlərə mənfi münasibət bildirildiyini xatırladır: “ ATƏT-in bəyanatının bu məsələlərə həsr olunmuş hissəsi olduqca mənfidir. Baş vermiş zorakılıqlar Qərb üçün qəbul edilməzdir.”

ATƏT-in bəyanatında seçkilərin təşkilində texniki inkişaflara baxmayaraq genişmiqyaslı pozuntulara yol verildiyi, Mərkəzi Seçki Komissiyasının bitərəflikdən uzaq olduğu qeyd edilir. Bəyanatda gücdən istifadə, həbslər, səslərin sayılmasındakı pozuntuların lazımi şəkildə araşdırılmaması, səslərin sayılmasında şəffaflığın olmaması, hüquqi çərçivənin ATƏT standartlarında seçki keçirilməsi üçün kifayət etməməsinə və başqa problemlərə yer verilir.

Belarusun həm Rusiyadan asılılığı, həm də bu ölkə ilə mövcud olan problemlərini nəzərə almaqla Avropa Birliyi son vaxtlar Belarusun daha müstəqil hərəkət edə bilməsi və bu ölkədə bəzi demokratik irəliləyişlərə nail ola bilmək üçün Belarusu təcrid etmək əvəzinə mümkün sahələrdə bu ölkə ilə əməkdaşlığa üstünlük vermişdi. Bunun nəticəsi olaraq Belarus rəhbərliyi demokratiya sahəsində Qərb üçün müsbət hesab edilə biləcək bəzi kiçik addımlar atmışdı. Karnegi Avropa-nın tədqiqatçısı Olga Shumlyo Tapiola Belerusun Rusiyadan asılılığını nəzərə almaqla yanaşı Qərblə də münasibətlərini davam etdirərək Rusiya ilə Qərb arasında balansı saxlamağa davam etməyə çalışacağını deyir. "Belarus da Ukrayna və Moldova kimi iki böyük partnyorla münasibətlərini balanslaşdırmalıdır. Bunların biri Rusiya, digəri isə Avropa Birliyidir”

Olga Tapiola Qərbi də Belarusla əməkdaşlığı davam etdirməyə çağırır, bunun gələcəkdə demokratik inkişafların baş verməsinə kömək edəcəyini deyir.

XS
SM
MD
LG