Accessibility links

Belarusda etirazları işıqlandırdıqlarına görə tele jurnalistlər 3 il həbs cəzası ala bilər


Belarus Jurnalistlər Assosiasiyasının bildirdiyinə görə, Polşanın Belsat televiziya kanalında çalışan iki belarus jurnalisti çərşənbə axşamı paytaxt Minskdə 2020-ci ildə kütləvi etiraz aksiyalarının işıqlandırılması ilə bağlı ittihamlarla mühakimə olunub.

Belsat tele kanalının reportyoru və operatoru Yekaterina Andreyeva ilə Darya Çultsova nümayişdən sonra noyabr ayında həbs olunub.

Prezident Aleksandr Lukaşenkonun avqust ayında seçkilərdə müxalifət lideri Svetlana Tixanovskaya üzərində qələbə çaldığını iddia etməsindən sonra Belarusda aylardır etirazlar davam edib. Müxalifət nəticələrin saxtalaşdırıldığını deyib.

Prokurorlar Andreyeva və Çultsovanı canlı yayımda reportajlarla etiraz aksiyalarını koordinasiya etməkdə günahlandırıblar. Onlar 3 il həbs cəzası ala biləcək ittihamları rədd ediblər. Jurnalistlər məhkəmə qarşısına qəfəsdə çıxarılıbblar.

Beynəlxalq insan hüquqları təşkilatları Andreyeva və Çultsovanın saxlanılmasını qınayıb.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Belarus hakimiyyətini Andreyeva və Çultsovaya qarşı irəli sürülən "absurd" ittihamları ləğv etməyə və onları qeyd-şərtsiz azad etməyə çağırıb.

"Belarus hökuməti jurnalistləri mühüm siyasi hadisələr barədə məlumat verdiklərinə görə cəzalandırmağı dayandırmalı, azad şəkildə və repressiya qorxusu olmadan çalışmalarına imkan verməlidir" - deyə, bazar ertəsi açıqlanan bəyanatda qeyd olunub.

Belarusda nümayişlər zamanı minlərlə etirazçı saxlanılıb, müxalif siyasi xadimlərin hamısı isə ya mühacirətə göndərilib, ya da hökumətin basqıları nəticəsində həbs olunub.

XS
SM
MD
LG