Belarus insan haqları qrupu təhlükəsizlik qüvvələrinin Aleksandr Lukaşenkonun istefası çağırışları ilə keçirilən etiraz aksiyaları zamanı onlarla insanı saxladığını bildirib.
Vesna insan haqları qrupu dekabrın 20-də paytaxt Minskdə, habelə Borisov, Qomel, Qrodno və Soliqorsk şəhərlərində azı 42 nəfərin saxlanıldığını bildirib
Azadlıq Radiosunun Belarus xidmətinin məlumatına əsasən, Minskin bir neçə rayonunda insanların çoxunun müxalifətin qırmızı-ağ bayraqları və ya plakatlar daşıdığı yürüş və mitinqlərin keçirildiyi haqda məlumat verilib.
Belarusun digər şəhərlərində daha kiçik miqyaslı etiraz aksiyalarının keçirildiyi bildirilir.
Avqustun 9-da Lukaşenkonun qalib elan edildiyi prezident seçkilərindən sonra Belarusda demək olar hər gün etirazlar davam etdirilir. Müxalifət liderləri seçkilərin saxtalaşdırıldığını deyərək, müxalif namizəd Svetlana Tixanovskayanın seçkilərin həqiqi qalibi olduğuna inandığını deyir.
BMT-nin bildirdiyinə görə, polisin seçkisonrakı etirazları qəddarcasına basqıları nəticəsində 27 mindən çox insan saxlanılıb. Bununla yanaşı, bir neçə insanın öldüyü hallar, işgəncə və pis rəftara dair etibarlı məlumatlar mövcuddur.
Belarus müxalifətinin bir çox lideri ya həbs edilib, ya da ölkəni tərk etmək məcburiyyətində qalıb. Ölkəni təxminən otuz ildir idarə edən Lukaşenko isə müxalifətlə danışıqlar aparmaqdan imtina edib.
ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr Lukaşenkonu seçkinin qalibi kimi qəbul etməkdən imtina edib.
Qərb Lukaşenko və Belarusun onlarla yüksək səviyyəli rəsmisinə qarşı seçki saxtakarlığı və seçkisonrası polis zorakılığı ilə əlaqədar olaraq sanksiyalar tətbiq edib.