Accessibility links

Belarusda müxalifətin mitinqlərində onlarla adam saxlanılıb


Müxalifət tərəfdarları Minskdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq təşkil edilən mitinqdə iştirak edir, 13 dekabr, 2020.
Müxalifət tərəfdarları Minskdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq təşkil edilən mitinqdə iştirak edir, 13 dekabr, 2020.

Belarus təhlükəsizlik qüvvələri müxalif nümayişçilərin siyasi güzəştlərə getməsi üçün avtoritar prezident Aleksandr Lukaşenkoya təzyiq göstərmək məqsədilə Minskdə və digər şəhərlərdə yürüşlər və mitinqlər təşkil etdiyi vaxt onlarla insanı saxlayıb.

Belarus insan haqları qrupu Vyasna Belarus polisinin bazar günü təxminən 180 nəfəri saxladığını və həbslərin çoxunun Minskdə baş verdiyini bildirib.

Ölkədə Aleksandr Lukaşenkonun istefası tələbi ilə həftəlik etiraz aksiyaları davam edir.

Naşa Niva yerli xəbər agentliyi bazar günü dekabrın 13-də Minskdə və Belarusun digər şəhərlərində 120-dən çox etiraz mitinqinin keçirildiyi haqda məlumat verib.

Paytaxt Minskin mərkəzindən uzaq yaşayış yerlərində baş tutan bəzi aksiyalarda nümayişçilər Belarus müxalifətinin simvolu olan ağ-qırmızı bayraqlar dalğalandıraraq, "Yaşasın Belarus!" şüarları səsləndirib.

Avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Belarusda başlayan etiraz aksiyaları zamanı 30 mindən çox adam saxlanıb.

Nümayişlər müxalifət lideri Svetlana Tixanovskayanın Belarus müxalifətinə beynəlxalq dəstəyi səfərbər etmək səyləri çərçivəsində Almaniyada tədbirlərə qatılması planlaşdırıldığı bir vaxt keçirilir.

Avqustun 9-da səsvermə Lukaşenkonun altıncı dönəm prezidentliyi ilə nəticələndi. Lakin müxalifət liderləri seçkilərin saxtalaşdırıldığını deyərək, müxalif namizəd Svetlana Tixanovskayanın seçkilərin həqiqi qalibi olduğuna inandığını bildirib. Belarusda bundan sonra Lukaşenkonun istefası, bütün siyasi məhbusların azad edilməsi və yeni seçkilər keçiriməsi tələbi ilə başlanan etiraz nümayişləri hər həftə davam edir.

Seçkilərdən bir müddət sonra rəsmilərin təzyiqi ilə ölkəni tərk edən və hazırda Litvada mühacirətdə olan Tixanovskaya “repressiyalara, zorakılığa və soyuğa” baxmayaraq toplaşan nümayişçiləri alqışlayıb.

"Onlar Lukaşenko rejiminə müqavimət göstərirlər, çünki Belarus xalqı demokratik və azad bir ölkədə yaşamaq istəyir", o, Twitter səhifəsində yazıb.

ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr Lukaşenkonu seçkinin qalibi kimi qəbul etməkdən imtina edib.

Qərb Lukaşenko və Belarusun onlarla yüksək səviyyəli rəsmisinə qarşı seçki saxtakarlığı və seçkisonrası polis zorakılığı ilə əlaqədar olaraq sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG