Accessibility links

Berlin sammiti: Liderlər Liviyada döyüşlərə son qoyulmasına çalışır


Almaniya xarici müdaxilənin qarşısını almaq, atəşkəsə nail olmaq və Şimali Afrika ölkəsinin gələcəyinin müəyyən edilməsi üçün siyasi prosesə başlamaq üçün Liviyada uzun illərdir sürən vətəndaş müharibəsində əsas oyunçuları bir araya gətirir.

Almaniya kansleri Angela Merkel 12 ölkənin lideri, BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasını Berlində bazar günü keçirilən zirvə toplantısına dəvət edib. Almaniyanın aylardır davam etdirdiyi diplomatik kampaniya BMT-nin baş katibi Antonio Quterreş və onun Liviya üzrə xüsusi elçisi Ğassan Salamenin Liviyada döyüşlərin dayandırılması səylərinin gücləndirilməsinə yönəlib.

Berlin sammitində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezideni Emmanuel Makron, İtaliyanın baş naziri Cuzeppe Konte, Britaniyanın baş naziri Boris Conson və ABŞ dövlət katibi Mayk Pompeo iştirak edir. Sammitə dəvət olunan digər ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Çin və Konqo Respublikasıdır.

Liviyada iki rəqib tərəfin liderir: baş nazir Fayez Sərrac və general Xəlifə Həftar da sammitə dəvət edilib.

Almaniya kansleri Angela Merkel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Almaniya kansleri Angela Merkel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Zirvə toplantısında hansısa inkişafın əldə edilə biləcəyi aydın deyil. Bununla belə, qarşı tərəflərin bir araya gətirilməsi inkişaf hesab edilsə də, son zamanlar xarici dəstəyin güclənməsi hər iki tərəfi güzəştə getməməyə sövq edə bilər.

2011-ci ildə Liviyanı uzun illər idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkə xaos və qarışıqlığa sürüklənib. Liviya müxtəlif tərəflərin dəstəklədiyi iki rəqib administrasiya arasında bölünüb: BMT tərəfindən tanınan baş nazir Fayez Sərracın Tripolidə hökuməti və ölkənin şərqində general Həftarın rəhbərlik etdiyi administrasiya.

Həftara sadiq qüvvələr aprel ayından Tripolini ələ keçirməyə çalışaraq hücumlar keçirir. General Həftar Misir, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir, Tripoli hökuməti isə Türkiyədən hərbi dəstək alır.

Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antonio Quterreş
Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antonio Quterreş

Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilən kövrək atəşkəs keçən həftə qüvvəyə minib, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Almaniyanın əsas prioriteti münaqişədə maraqları olan tərəfləri bir araya gətirmək, Liviyaya silah axınını dayandırmaq və atəşkəsə əməl edildiyinə əmin olaraq, BMT-nin rəhbərliyi ilə Liviyada siyasi prosesi yenidən bərpa etməkdən ibarətdir.

“Liviya konfrasında hər şeydən əvvəl silah embarqosuna yenidən əməl olunduğunu görməliyik, bu, BMT səviyyəsində razılaşdırılıb, lakin təəssüf ki, buna əməl olunmayıb” – deyə, Almaniya kansleri Angela Merkel bildirib.

XS
SM
MD
LG