Accessibility links

Azərbaycanda “5 qəpik” kampaniyası başlayıb


Gənclər təşkilatları aksiya ilə bağlı cərimələri ödəmək üçün kampaniyaya başlayıb. Məhkəmə çoxsaylı gənci aksiyada iştiraka görə 600 manatadək cərimə edib

Yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiya ilə bağlı cərimə edilən fəallara dəstək məqsədi ilə Facebook sosial şəbəkəsində “5 qəpik” səhifəsi yaradılıb və ianə toplanışı başlanıb.

Təşkilatçılar təklif edib ki, “hamıdan 5 qəpik” yığıb məhkəməyə versinlər. Əgər Apellyasiya Məhkəməsi cərimələrlə bağlı qərarı ləğv etməsə, toplanacaq pullar cərimələr üçün istifadə olunacaq.

Əgər fəallar cəriməni ödəməkdən imtina etsələr və ya ödəməli olmasalar, toplanan vəsait şəhid olmuş əsgərlərin ailələrinə yardım kimi veriləcək.

Pullara nəzarət, şəffaflığın təmin olunması və qərarların verilməsi üçün fəal gənclərdən ibarət bir qrup formalaşdırılıb. Hələlik qrupda Emin Milli, Ruslan Əsəd, Bəxtiyar Hacıyev, Nərmin Rəhimli və Zaur Əkbər var. Qrupa əlavə şəxslər də cəlb ediləcək.

Kampaniyaya dəstək üçün: M.Muxtarov, 149 ünvanında (Nizami metrosu yaxınlığında) yerləşən Müsbət Dəyişikliklər Gənclər Hərəkatının ofisinə gələrək 1, 3, 5, 10, 20, 30, 50 manatla və ya 5 qəpiklərlə ianə verə bilərlər. Ən çox 50 AZN dəstək verə bilər. Pullar cərimə kimi ödənilməli olsa, qəpiyə çevriləcək. Cərimə ödənməsə, manat kimi şəhid əsgər ailələrinə yardım kimi veriləcək. İanələrin şəffaflığı üçün məlumatlar hər gün elan ediləcək.

Bank vasitəsilə kömək etmək üçün bu hesaba Mustafayev Tehran Telman oğlu - Bank Respublika Hesab (IBAN) AZ75BRES00381184000729625601 (SWIFT - BRESAZ22) pul köçürülməsi mümkündür.

Xatırladaq ki, yanvarın 14-də Nəsimi və Səbayel rayon Məhkəmələri aksiya zamanı saxlanılan gənclərin hamısını 300-600 manat civarında cərimələyib.

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA agentliyinə gənclərin aksiyadan sonra cərimələrlə bağlı keçirdikləri “5 qəpik” aksiyasına da münasibət bildirib. O, kampaniyanı gənclərin qanuna hörmətlə yanaşması kimi dəyərləndirib.

“Gənclər Azərbaycanın radikal müxalifətinin əvvəllər keçirdiyi aksiyalardan fərqli olaraq qanuna hörmətlə yanaşırlar, cəriməni ödəmək üçün belə bir aksiya keçirirlər. Formasından asılı olmayaraq, o pulu yığmaq üçün toplaşırlar. Bu onların qanuna hörmətindən irəli gəlir. Bu da o deməkdir ki, qanunun effektliliyi, profilaktik nəticəsi artıq özünü göstərir. Yəni gələn dəfə aksiya keçirən zaman artıq onlar bunu razılaşdırmaq barədə düşünəcəklər və əminəm ki, bizim gənclər məhz bunu edəcəklər”, o qeyd edib.
XS
SM
MD
LG