Accessibility links

Bəxtiyar Hacıyev: Koreya misalı inkişafın genetikada yox, idarəçilikdə olduğunu göstərir [Video-müsahibə]


Şimali və Cənubi Koreya - eyni xalqın fərqli idarəçiliyi, Bəxtiyar Hacıyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:09:21 0:00

Bəxtiyar Hacıyev: Koreya misalı inkişafın genetikada yox, idarəçilikdə olduğunu göstərir

İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə Şimali və Cənubi Koreyaya səfəri barədə danışıb.

Amerikanın Səsi: Hansı səbəbdən tanınmış turist marşrutlarını deyil, Şimali Koreyanı seçdiniz? Orada nələr gördünüz, ümumi mühit necədir? Viza, ölkəyə girişlə bağlı problemləriniz oldu? Səfər zamanı izləndiyinizi hiss edirdiniz?

Təxminən Sovet İttifaqının 70-80-ci illərindəki (1970-1980-ci illər) bir durumdur. İki fərqli Şimali Koreya var. Biri paytaxt Pxenyan, biri regionlar.

Bəxtiyar Hacıyev: Birincisi, ənənəvi turist marşrutları bir müddət sonra insanı o qədər də cəlb etmir. İkincisi, son zamanlar beynəlxalq mətbuatda Şimali Koreya ilə bağlı xəbərlərin sayı artıb. Onların nüvə raketlərini sınaqdan keçirməsi, Cənubi Koreya ilə yaxınlaşması, ABŞ prezidenti ilə gərginlik barədə xəbərlər yayılır. Üçüncüsü, Şimali Koreyadan sonra Cənubi Koreyaya da səfər etməyi planlaşdırırdım. Eyni xalqın iki fərqli idarəçilikdə hansı nəticələrə gəlib çıxdığını görmək istəyirdim. Həm Cənubi Koreyanı, həm də Şimali Koreyanı görmək istəyirdim. Viza prosesi o qədər də çətin olmadı. Bakıdan pasportumun surətini göndərdim, Çində vizanı götürdüm. Ölkəyə girişdə də o qədər problem olmadı. Başqa ölkələrdə olduğu kimi sərhəddə ənənəvi sadə bir yoxlama oldu. Sözün doğrusu, ora gedəndə kifayət qədər qorxurdum. Çünki ölkə haqqında mif yaradılmışdı, orada turistlər davamlı olaraq izlənilir, hər hansı səhv hərəkət edən şəxs dərhal cəzalandırılır. Amma orada bunun tam əksini gördüm. Yəni, marşrutlar müəyyənləşdirilməklə turistlər kifayət qədər sərbəst idi. Sadəcə olaraq hər gedilən yerdə, hər addımda mütləq Şimali Koreya tərəfdən turist bələdçiləri olmalı idi. Biz də əvvəldən seçdiyimiz marşrut üzrə istədiyimiz yerlərə getdik və istədiyimiz qədər foto, video çəkilişlər apardıq, suallarımızı soruşduq. Ölkədə gördüyüm nə oldu? Təxminən Sovet İttifaqının 70-80-ci illərindəki (1970-1980-ci illər) bir durumdur. İki fərqli Şimali Koreya var. Biri paytaxt Pxenyan, biri regionlar. Regionlarda insanların vəziyyəti həddindən artıq ağırdır. Onlar torpaq yollarda hərəkət edirlər, bir şəhərdən digərinə velosipedlə, bəzən öz yükləri ilə piyada hərəkət edirlər. Amma paytaxtda tamamilə fərqli bir ab-hava var idi. Paytaxtda avtomobillər, tramvay, trolleybus, metro var idi. Böyük, hündürmərtəbəli binalar var idi. Hətta bəzi binalar dünyanın inkişaf eləmiş bir çox ölkələrindəki binalardan daha müasir, daha hündür və şəraiti daha yaxşı idi.

Amerikanın Səsi: Media insanlarda Şimali Koreya ilə bağlı diktatura stereotipi yaradıb? Real vəziyyət necədir? Əhali xarici turistlərlə ünsiyyətə girə bilirmi? Daha çox nədən danışırlar?

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev: Biz Çindən Pxenyana gedənədək, təxminən 8-9 saat qatarda olduq. Qatarda baxmayaraq turistlər üçün ayrıca vaqon nəzərdə tutulmuşdu, amma həm bizim vaqonda, həm də digər vaqonda yerli əhali də səyahət edirdi. Onlarla kifayət qədər söhbət etdik. Onlar daha çox Amerikanın tətbiq etdiyi sanksiyaların sadə əhaliyə vurduğu ziyandan danışırdılar. Onlar ölkələrindəki kasıblığa, yoxsulluğa baxmayaraq ölkənin qürurunu saxlamaqdan danışırdılar. Onlar daha çox inandıqları ideyalardan danışırdılar ki, biz öz rəhbərliyimizə inanırıq, onun ətrafında sıx birləşmişik. Eyni zamanda, mənfi kimi görünənləri müsbət təqdim etməyə çalışırdılar. Məsələn, biz yolları çəkirdik, hansı ki, asfaltlanmamış yollar idi, onlar deyirdi ki, biz kasıbıq, yollarımız asfaltlanmayıb, amma baxın nə qədər səliqəlidir. İnkişaf etmiş ölkələrdə yollar asfaltlanıb, amma zibillənir. Biz qadınları göstərirdik, hansı ki çox ağır yüklər qaldırırdılar. Onlar deyirdi ki, görürsünüz bizim qadınlarımız nə qədər zəhmətkeşdir, nə qədər çətinliyə dözür və onlar namusludurlar, qürurludurlar. Amma, inkişaf etmiş ölkələrdə qadınlar rahatdır, sadəcə olaraq bu qədər əxlaqlı deyillər. Yəni, hər mənfi kimi görünəni müsbət kimi təqdim etməyə çalışırdılar.

Amerikanın Səsi: Şimali Koreyada turistlər üçün hansı ovbyektlər açıqdır? Ölkədə medianın durumu necədir? Televiziyalar nədən danışır, qəzetlər nədən yazır? Qərb filmləri göstərilirmi?

Televiziyaya gəldikdə, qaldığımız oteldə xarici kanallardan yalnız Əl-Cəzirə yayılırdı.

Bəxtiyar Hacıyev: Biz orada olduğumuz müddətdə həftədə bir dəfə çıxan ingilis dilli qəzetlə tanış olduq. İki həftənin sayına baxa bildim və kitabxanalarda yerli qəzetlərə də baxa bilrdik. Təbii ki, Koreya dilini bilmədiyimiz üçün yerli qəzetlərdə nə yazıldığını oxuya bilmirdik. Amma, fotolardan aydın olurdu ki, məzmun eynidir. Daha çox ölkə başçısının açılış etdiyi yerlərdən şəkillər var idi. Ölkə başçısının həftə ərzində atdığı bütün addımlar haqqında yazılar var idi. Bir də Amerika əleyhinə təbliğat yazıları var idi ki, Amerika niyə Şimali Koreyaya düşməndir. Onların atdığı addımlar Şimali Koreyaya hansı zərbələr vurub. Eyni zamanda, Şimali Koreyanın özü Amerikaya necə sərt cavab verib. Televiziyaya gəldikdə, qaldığımız oteldə xarici kanallardan yalnız Əl-Cəzirə yayılırdı. Yerli kanallardan isə bir dövlət kanalı, Şimali Koreyanın İnformasiya agentliyinin rəsmi kanalı var idi. Orada isə rəsmi xronika verilirdi. Amma eyni oteldə qalmağımıza baxmayaraq (bir adada yerləşən 47 mərtəbəli otel idi) turistlərin qaldığı bütün mərtəbələrdə Əl-Cəzirə göstərilirdi, bələdçilərin qaldığı 7-ci mərtəbədə Əl-Cəzirə göstərilmirdi. Biz fərqli vaxtlarda müxtəlif bələdçilərin Şimali Koreya haqqında xaricdə nə düşünürlər deyə suallarına cavab verirdik. Bu məni üzürdü ki, bizim təmasda olduğumuz bələdçilər həmin ölkənin ən savadlı insanları idi. Amma onlar belə, dünyada nə baş verdiyindən xəbərsiz idilər. Mən onlara dedim ki, sizin xarici işlər naziri BMT-də çıxış etdi, çox yaxşı arqumentlər səsləndirdi. Onlar Şimali Koreyanın xarici işlər nazirinin hər il BMT-nin Baş Assambleyasına getdiyini və orada çıxış etdiyini bilmirdilər. Yaxud, indiki liderləri Kim Çen Inın bacısının Cənubi Koreyada Olimpiadanın açılışında iştirak etdiyini, Cənubi Koreya prezidentini öz ölkəsinə dəvət etdiyini onlar bilmirdilər. Bu bir az məni üzdü ki, hətta ən təhsilli adamlar belə dövlətin məlumatından kənar heç bir məlumat əldə edə bilmir.

Amerikanın Səsi: İnternetə çıxış necədir?

Sistem, idarəçilik doğru olandan sonra eyni millət tamamilə fərqli yöndə inkişaf edə bilir.

Bəxtiyar Hacıyev: İnternetə çıxışa dövlət qurumlarında müəyyən şəxslərə icazə verilir. Oteldə turistlər üçün də internetin olduğunu bildirdilər. Amma qiymət həddindən artıq baha olduğuna görə heç kim istifadə etmədi. Amma onların dediyinə görə, daxili mobil şəbəkənin daxili sosial şəbəkəsi var, öz aralarında danışa bilirlər. Mobil rabitənin qiymətləri çox ucuzdur. Orta təbəqəyə məxsus istənilən şəxs mobil rabitədən istifadə edə bilir.

Amerikanın Səsi: Gördüklərinizin nəticəsi olaraq Şimali Koreya rejimi ilə açıq cəmiyyətləri necə müqayisə edərdiniz?

Bir çox hallarda biz öz cəmiyyətimizdə olan neqativ hallarla bağlı danışanda belə bir mif təlqin edirlər ki, bu bizim genimizdədir, bu bizim qanımızdadır, korrupsiya bizim qanımızdadır, rüşvət bizim qanımızdadır.

Bəxtiyar Hacıyev: Açıq cəmiyyətləti yox, sadəcə olaraq Cənubi Koreyanı misal göstərə bilərəm. Mən təyyarədən Cənubi Koreyaya enəndə hava limanında bir status yazmışdım ki, əgər Azərbaycan 2018-ci ildədirsə, Şimali Koreya ötən əsrin 70-80-ci illərində, Cənubi Koreya isə 2038-2048-ci illərdədir. Şimali Koreyada özümü Sovetlər İttifaqının 70-80-ci illərində hiss elədiyim halda Cənubi Koreyada Amerikanın hansısa bir ştatında olduğu kimi hiss edirdim. Bu səfər mənə ona görə lazım idi ki, həm özüm görüm, həm də ətrafımdakı insanlara göstərim ki, eyni xalq iki fərqli idarəçilikdə hansı istiqamətlərə gedə bilər. Bir çox hallarda biz öz cəmiyyətimizdə olan neqativ hallarla bağlı danışanda belə bir mif təlqin edirlər ki, bu bizim genimizdədir, bu bizim qanımızdadır, korrupsiya bizim qanımızdadır, rüşvət bizim qanımızdadır. Amma əslində Şimali Koreya və Cənubi Koreya misalı onu göstərir ki, hər şey qanda, genetikada yox, sistemdə, idarəçilikdədir. Sistem, idarəçilik doğru olandan sonra eyni millət tamamilə fərqli yöndə inkişaf edə bilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG