Accessibility links

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanla bağlı qərar verib


Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumatında deyilir.

Nazirlik bildirir ki, məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.

“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır,” məlumatda qeyd edilir.

Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlərlə bağlı qərarına gəldikdə, Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayır ki, Ermənistan tərəfinin saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətləri məhkəmə tərəfindən rədd edilib.

Nazirlik bildirir ki, Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək.

“Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasına dair tələb qaldrımaqda davam edəcək," Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.

Ermənistan tərəfi isə bildirir ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan ermənilərə qarşı irqi ədavəti dayandırmağı tələb edib.

“Azərbaycan ötən il qonşu Ermənistanla arasında baş vermiş müharibə zamanı əsir götürdüyü bütün məhbusları müdafiə etməyi, ermənilərə qarşı irqi ədavətin qızışdırılmasının qarşısını almağı və erməni mədəni irsinə qarşı vandalizmi cəzalandırmağı tapşırır,” Ermənistan tərəfinin məlumatında deyilir.

Məhkəmə, həmçinin hər iki tərəfə “mübahisədə məhkəməni ağırlaşdıracaq, uzadacaq və ya onun həllini çətinləşdirən hər hansı hərəkətdən çəkinməyi” tapşırıb.

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır.

1945-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılıb və 1946-cı ilin aprelində fəaliyyətə başlayıb.

Məhkəmə Baş Assambleya tərəfindən doqquz il müddətinə seçilən 15 hakimdən ibarətdir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG