Accessibility links

Beynəlxalq Bankın keçmiş sədri kassasiya şikayəti verib


Cahangir Hacıyev
Cahangir Hacıyev

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə Amerikanın Səsinə onun vəkili bildirib.

Cahangir Hacıyevin kassasiya şikayəti onun cəzasının azaldılmamasına dairdir.

Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının səhhətinin kəskin pisləşdiyini bildirib.

O deyib ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimləri gəlib Hacıyevi müayinə edib, stasionar müalicəyə ehtiyacı olması haqda rəy veriblər. Buna baxmayaraq, keçmiş bankir nəinki Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, heç cəzaçəkmə müəssisəsi daxilindəki tibb-sanitar hissəsinə də köçürülməyib.

Bununla belə Əminə Hacıyeva Ədliyyə Nazirliyini məhkəmə verməyi də istisna etməyib.

Ədliyyə Nazirliyi deyilənləri təkzib edib.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. O və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq bildirib ki, Cahangir Hacıyevə qarşı yeni maddə ilə ittiham irəli sürülüb. 2019-cu ilin sentyabrında çıxarılan ikinci hökmdə əvvəlki cəza da birləşdirilməklə 16 il 6 ay həbsə məhkum edilib. Sonradan apellyasiya məhkəməsi bu cəzanı 3 ay azaldaraq 16 il 3 aya endirib.

Cahangir Hacıyev Ali Məhkəməyə şikayət verib. Onun haqqındakı birinci hökmdən şikayət isə artıq Avropa Məhkəməsinə göndərilib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Hacıyev və keçmiş deputat Dünyamin Xəlilov ittihamları rədd ediblər.

Cahangir Hacıyevin ailəsinə qarşı London məhkəməsində də iddia var. Bu iddia çirkli pullarla bağlıdır.

Bu il fevralın 5-də London Apellyasiya Məhkəməsi Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apellyasiya şikayətini rədd edib. Sərəncam onun 2009-cu ildə Londonun Naytsbric rayonunda 11,6 milyon funt-sterlinqə (15 milyon dollar) alınmış malikanəsi və 2013-cü ildə Berkşirdə 10,5 milyon funt-sterlinq (13,5 milyon dollardan artıq) vəsaitə alınmış qolf mərkəzinə qarşı qaldırılıb.

Hacıyeva məhkəməni inandırmağa çalışıb ki, həyat yoldaşının Azərbaycanda məhkumluğunun onun İSS-nın hədəfinə çevrilməsində rolu olub. Məhkəmə bu arqumenti rədd edib.

Qanunla Hacıyeva Böyük Britaniyanın Milli Cinayət Agentliyinə mülkləri necə əldə etməsi, eləcə də səxavətli xərcləmələrini izah etməlidir.

Pulunun mənbəyini izah edə bilməsə, agentlik onun əmlakını müsadirə edə bilər, qanunvericilikdə belə deyilir.

Zamirə Hacıyeva 2010-cu ilin iyunundan Böyük Britaniyada yaşayır. Britaniya hökumətinin İzahedilməz Sərvət Sərəncamları hər il Londonda milyonlarla funt-sterlinqin yuyulmasına qarşı mübarizə alətidir.

XS
SM
MD
LG