Accessibility links

Qızıl Xaç Komitəsi: Regionda 25,000 itkin var


Beynəlxalq Qızıl Xaç Komitəsi

Avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə Beynəlxalq İtkin Düşmüş Şəxslər günü kimi qeyd olunur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin məlumatına görə, regionda 25,000-dən artıq insan, 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş 4,500-dən çox insan doğmaları haqqında xəbər almaq ümidi ilə yaşayır. Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

BQXK 20 ildən artıq bir müddətdir ki, qeyri-müəyyənlik içərisində yaşayan, iqtisadi, inzibati və hüquqi çətinliklərlə üz-üzə qalan ailələrin suallarına cavab tapa bilmək üçün aidiyyəti orqanlara dəstək göstərməkdədir. Qlobal COVID-19 pandemiyası ailələrin çəkdikləri əziyyətləri bir qədər daha artırıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Nümayəndəliyi bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə 3 800 itkin düşmüş şəxs haqqında ətraflı məlumat toplanılmasını başa çatdırıb və öz zəngin təcrübəsini Dövlət Komissiyası ilə paylaşmağa davam edir.

BQXK itkin düşmüş şəxslərin ailələrinə dəstək olmaq üçün onların keçirdikləri kompleks hissləri, yaşadıqları qeyri-müəyyənlik vəziyyətini və bununla necə başa çıxdıqlarını əks etdirən video da hazırlayıb.

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir.

Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

XS
SM
MD
LG