Accessibility links

Beynəlxalq Müəllimlər Günü – Azərbaycanda təhsilə fərqli siyasi və ekspert baxışları


Müəllim dərs zamanı

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilir. Bu gün Azərbaycanda da təhsil ictimaiyyəti tərəfindən qeyd edilir.

Prezident İlham Əliyevin sərəncamı ilə 126 təhsil işçisi mükafatlandırılıb.

Təhsil naziri Ceyhun Bayramov
Təhsil naziri Ceyhun Bayramov

Təhsil naziri: Müəllimin nüfuzu yüksəkdir

Təhsil naziri Ceyhun Bayramovun təbrikində deyilir ki, son illərdə ölkədə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub.

“Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır. Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir,” nazir qeyd edib.

Müəllim dərsdə
Müəllim dərsdə

Azərbaycanda “Hamı üçün təhsil” devizi

BMT-nin “Hamı üçün təhsil” və “Ömür boyu öyrənmə” strategiyalarının Azərbaycanda tətbiqi nə yerdədir?

Bu suala cavab üçün BMT-nin hesabatına müraciət edək.

BMT-nin İnkişaf Proqramının `Təhsil və insan inkişafı` hesabataında deyilir ki, Azərbaycanda ümumilikdə 6300-dən çox təhsil müəssisəsi, o cümlədən 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və savadlılıq səviyyəsi 99,8 faizdir. Hal-hazırda Azərbaycanda ümumi orta təhsil 11 illikdir və statistikaya əsasən uşaqların məktəbə cəlb edilməsi (1-11-ci siniflər) 95 faizdən çoxdur.

Müəllim dərsdə
Müəllim dərsdə

Azərbaycanda savadlılıq səviyyəsi 99,8 faizdir.
BMT-nin hesabatından sitat

“Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması yüksək keyfiyyətin təmin edilməsi, akademik səfərbərlik və yüksək nəticələrlə dünya səviyyəsində tanınmaq üçün şərait yaradır,” hesabatda qeyd edilir.

Son 10 ildə ölkədə üç mindən çox təhsil müəssisəsi tikilib və bərpa olunub. Hazırda 4472 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bu il sentyabrın 15-də ilk dəfə olaraq birinci siniflərə 165 min şagird gedib, ali təhsil müəssisələrinin bakalavr pilləsinə 47 minə yaxın qəbul olunub. Ümumi statistik məlumata görə, ümumtəhsil məktəblərində 151 min müəllim çalışır. Son üç ildə müəllimlərin əmək haqqı iki dəfəyədək artırılıb.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Müəllimlər seçki komissiyalarından çıxarılmalıdır

Siyasi baxışlara görə, ölkədə təhsil islahatları hələ də yüksək effekt vermir.

ReAL Partiyasının icra katibi Natiq Cəfərli hesab edir ki, ölkədə təhsilin səviyyəsi aşağı düşməkdə davam edir.

Təhsildə illərdir "qapalı çevrə" effekti yaşanır - müəllimlərin maaşı az, işləri isə ağır olduğundan pedaqoq hazırlayan ali məktəblərə keçid balı son 25 ildə daim aşağı düşüb.
Natiq Cəfərli, siyasətçi


Təhsildə illərdir "qapalı çevrə" effekti yaşanır - müəllimlərin maaşı az, işləri isə ağır olduğundan pedaqoq hazırlayan ali məktəblərə keçid balı son 25 ildə daim aşağı düşüb, daha az bal toplayan, daha az istedadlı və savadlı insanlar pedaqoji universitetlərə qəbul olurlar (təbii ki, istisnalar da var), bitirib məktəblərə dönüb təhsilin keyfiyyətinin yüksəlməsinə nail ola bilmirlər, illərdir bu təkrarlanır deyə təhsilin keyfiyyəti aşağı düşür - çevrə qapanır. Müəllimin maaşı yüksək olmalıdlr, onlar prokurordan, polis rəisindən, vergi-gömrük işçisindən daha çox qazanmalıdır ki, pedaqoq olmaq üçün daha savadlı insanlar yarışsınlar - ancaq bu yolla dövləti inkişaf etdirmək mümkün ola bilər - bütün sahələrin inkişaf yolu məhz təhsildən keçir. Müəllimlər seçki komissiyalarından çıxarılmalı, komissiyalar ancaq peşəkar məmurlardan və siyasi partiya təmsilçilərindən formalaşmalıdır - məhz bu addımlardan sonra müəllim peşəsinin pristiji yüksələcək, Cəfərli facebook səhifəsində yazıb.

Təhsil eksperti Etibar Əliyev
Təhsil eksperti Etibar Əliyev

Etibar Əliyev: Kənd məktəbində uşaqların dərslərə həvəsindən məmnun qaldım

21-ci əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, artıq ucqar kəndlərdə belə məktəblər daha bacarıqlı və bilikli müəlliomləri cəlb edə bilir.

Peşələrinə bağlı olan müəllimlərin qısa zaman kəsiyində zəhmətlərinin bəhrəsi görünür.
Etibar Əliyev, ekspert


“Böyük ispan şairi Antonio Maçado "Təhsil haqqında" essesində yazır: " Ən yaxşı müəllimlər kənd məktəblərinə göndərilməlidir". Artıq bir neçə ildir ki, ölkəmizdə müəllimlər imtahanla işə qəbul olunurlar. Bizə elə gəlirdi ki, imtahanlarda ən yüksək nəticə göstərənlər şəhər məktəblərinə can atırlar. Quba rayonunun məktəblərinə təşkil olunmuş mediaturda tam başqa mənzərənin şahidi oldum. Şəhərdən 30 kilometr kənarda yerləşən Nürəddin Rzayev adına məktəbdə 52 bal toplamış tarix müəlliminin, 48 bal toplamış informatika müəlliminin, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi üzrə magistraturasını, həmim universitetin "Sabah" qrupunun məzunu, fizikadan yüksək nəticə göstərmiş iki xanım müəllimin dərslərini izlədik. Qəçrəş kənd məktəbində ingilis dili və Azərbaycan dili fənlərindən 50-dən yuxarı bal toplamış iki xanım müəllimlə söhbət etdik. Söhbət əsnasında onlar seçimlərindən peşman olmadiqlarını bildirdilər. Ən əsası odur ki, peşələrinə bağlı olan bu müəllimlərin qısa zaman kəsiyində zəhmətlərinin bəhrəsi görünür. Uşaqların dərslərə həvəsindən məmnun qaldım,” təhsil eksperti qeyd edir.

Kamran Əsədov
Kamran Əsədov

Kamran Əsədov: Islahatlar keyfiyyət göstəricisinə ciddi təsir göstərməyib

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Amerikanın Səsinə bildirib ki, Azərbaycan əmək bazarının tələbinə cavab verən, müasir standartları özündə əks etdirən bilik və bacarıqlara malik kadr hazırlığı istiqamətində iş aparılır. Ekspert təhsil sahəısində qanunvericilik bazasının yaradılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Bununla yanaşı Əsədov təhsil islahatlarının hələ də müsbət nəticələr vermədiyi qənaətindədir.

Ali təhsil məzunlarımızın yalnız 42 faizi işlə təmin oluna bilir. Bu o deməkdir ki, həyata keçirilən islahatlar keyfiyyət göstəricisinə ciddi şəkildə təsir göstərə bilməyib.
Kamran Əsədov, ekspert


“Təəssüflər olsun ki, Azərbaycanda həyata keçirilən islahatlar təhsilin keyfiyyət artımına təsir göstərmir. Biz daha çox kəmyyət artımını müşahidə edə bilirk. Yəni qəbul olunan tələbələrin sayındakı artım. Eyni zamanda məktəbə, təhsilə cəlb olunanların sayında artımı görə bilərik. Amma keyfiyyət artımı o deməkdir ki, sizin hazırladığınız kadrlar dünya standartlarına cavab verir? Azərbaycan özündə rəqabət iqtisadiyyatını formalaşdıra bilmir. Məhz yerli kadrların hesabına bu həyata keçirilməlidir. Və yaxud ali təhsilli vətəndaşlar əmək bazarına daxil olanda onların işlə təmin olunma faizi yüksəkdir. Amma biz əmək bazarını araşdıranda görürük ki, ali təhsil məzunlarımızın yalnız 42 faizi işlə təmin oluna bilir. Bu o deməkdir ki, həyata keçirilən islahatlar keyfiyyət göstəricisinə ciddi şəkildə təsir göstərə bilməyib. Bizim şagirdlərimiz hələ də yaş xüsusiyyətlərinə aid olmayan dərsliklərdən istifadə edir. Bizim şagirdlərimiz hələ də ağır çantadan istifadə edir. Bizdə hələ də ağıllı, elektronlu lövhələrdən tam şəkildə istifadə oluna bilmir. Bütün bunlar göstərir ki, daha çox kəmiyyət artımı var. Keyfiyyət artımı istənilən səviyyədə deyil,” o qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG