Accessibility links

Beynəlxalq Mina Xəbərdarlığı Günü və Azərbaycan ərazisindəki minalar


Tank əleyhinə mina

Bu gün, aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür.

Dünyada mina təhlükəsi

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın (Landmine Monitor Report 2020) 2020-ci il hesabatına görə, dünyanın 164 ölkəsi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri hələ bu konvensiyaya qoşulmayıb.

Sənəddə deyilir ki, minalardan və partlayıcı qalıqlarından zərər çəkənlərin sayı ilbəil artmaqdadır və 2020-ci ildə 5554 nəfər qeydə alınıb. İtkilərin böyük əksəriyyətini mülki şəxslər təşkil edir, bunun da 43% uşaqlardır.

BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür
BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür

Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.

Hesabatda deyilir ki, 2020-ci il ərzində dünyada 269 000 ədəd mina, konvensiya imzalandıqdan sonra isə ehtiyatlarda olan 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb.

Rəsmi Bakı bildirir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir.

“Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir,” hesabatda deyilir.

Azərbaycan ərazisində minalar

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə, 2020-ci il də daxil olmaqla Azərbaycanda 2,439 nəfər müharibənin təhlükəli partayıclı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb.

BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür
BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyin məlumatına görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin fevral ayında 8 hadisə nəticəsində 18 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

“Nəticədə iki hərbçi və beş mülki şəxs həlak olub, dörd mülki şəxs və yeddi hərbçi yaralanıb. 2021-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Təttər və Cəbrayıl rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ilin ilk iki ayında 28 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib,” Hafiz Səfixanov deyib.

Ərazinin minalarla çirklənməsi dövrü

Azərbaycan əraziləri əsasən Ermənsitan-Azərbaycan münaqişəsi dövründə minalarla və partlamamış hərbi sursatlarla çirklənib. Bununla yanaşı keçmiş Sovet Ordusunun silah-sursat arsenalı olan anbarlar və hərbi təlim mərkəzlərində qalan minalar və hərbi sursatlar da var.

ANAMA
ANAMA

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Hazırda azad edilmiş Azərbaycan ərazisində Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya, ermənilər yaşayan hissədə isə Rusiya Ordusunun hərbi mütəxəssisləri minatəmizləmə işləri aparır. Azərbaycan prezidenti İlham Əliyev münaqişə başa çatdıqdan sonra minaların təmizlənməsi məsələsini prioritet elan edib. Ölkə minatəmizləmə işlərində kömək məqsədi ilə beynəlxalq ictimaiyyətə müraciət edib.

Saloğlu və Ceyrançöl layihələri

Ölkənin Ağstafa rayonunun Saloğlu kəndində yerləşən Sovet Ordusundan qalmış keçmiş Sovet hərbi bazasının ərazisində yer səthində və yer altinda yerləşən partlamamış hərbi sursatların (və partlama riski olan sursatların) təmizlənməsi artıq başa çatıb.

ABŞ Dövlət Departamentinin nümayəndələri ANAMA-da
ABŞ Dövlət Departamentinin nümayəndələri ANAMA-da

Saloğlu kəndində yerləşən 138 bunkerdən ibarət hərbi sursatlar bazası Qafqazda ən böyük Sovet hərbi arsenalı idi. 1991-si ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Sovet ordusu rəsmi olaraq qoşunlarını çıxarmazdan əvvəl hərbi sursat anbarı dağıdılıb. Partlayışlar nəticəsində minlərlə partlamamış hərbi sursat və qəlpə 44,000,000 kvadrat metrlik böyük bir əraziyə səpələnib. Ərazidə partlayışdan sonra 37 nəfərin ölümünə səbəb olan 152 hadisə baş verib. Ümumilikdə, 5.7 kvadrat kilometr çirklənmiş ərazi təmizlənib, 640 mindən çox hərbi sursat tapılaraq zərərsizləşdirilib. Saloğlu layihəsinin ümumi büdcəsi 3,455,874 avro həcmində olub. Layihənin reallaşdırılması Türkiyənin, layihənin icraçısı olan Azərbaycanın, Avstraliya, Bolqarıstan, Çexiya, Finlandiya, İtaliya, İslandiya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Norveç və BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi sayəsində mümkün olub.

Ölkənin Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet Ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Ərazidə minlərlə mina və partlamamış hərbi sursatlar qalıb. 66 milyon kvadrat metr ərazidə 18526 mina və partlamamış hərbi sursat tapılaraq zərəsizləşdirilib. 2012-2014-cü illərdə həyata keçirilən təmizləmə layihəsində Azərbaycan Mintəmizləmə Agentliyi və rəhbər dövlət ABŞ olmaqla Türkiyə iştirak edib. Bu layihədə donor ölkə qismində Almaniya, Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ dövlətləri iştirak edib.

Xarici İşlər Nazirliyninin bəyanatı

Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün, Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibəti ilə bağlı yaydığı bəyanatda deyilir ki, “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir.”

“10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb,” sənəddə qeyd edilir.

Qarabağda minatəmizləmə

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, 2020-ci il noyabrın 23-dən başlayaraq martın 4-dək Azərbaycanın ermənilər yaşayan ərazisində 1873 hektar ərazi, 575 kilometr yol, 1658 yaşayış binası (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə, Rusiya sülhməramlıları 25379 partlayıcı qurğu aşkar edərək zərərsizləşdirib.

Minatəmizləmə əməliiyatları zamanı Rusiya sülhməramlılarının bir zaiti həlak olub, bir hərbçisi yaralanıb.

Mina təmizləmə
Mina təmizləmə

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov aprelin 3-də bildirirb ki, cəbhəboyu ərazilər və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilib və zərərsizləşdirilib.

“Artıq 17 milyon kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Sentyabrın 27-dən bu günə qədər 17 327 ədəd mina və hərbi sursat aşkar edilib, hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır. Dekabr ayından başlayaraq artıq əməliyyatlarımız Şuşa şəhərində də evlərin, zirzəmilərin və döyüş getmiş ərazilərin təmizlənməsi həyata keçirilir. Artıq 100-dən çox partlamamış hərbi sursat aşkar edilərək götürülüb."

Ekspert baxışı

Ekspertlər münaqişə getmiş ərazidə 100 mindən çox mina basdırldığını güman edir.

Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.

“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o, qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG