Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri yanvarın 15-də 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən məhbuslarla görüşüb.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) rəhbəri Oqtay Gülalıyevin sözlərinə görə, komitə təmsilçiləri orada saxlanılan və aclıq aksiyası keçirən Əhsən Nuruzadə, İlkin Rüstəmzadə, Bayram Məmmədli, Elçin İsmayıllı ilə görüşüb.
Hüquq müdafiəçisnin dediyinə görə, komitənin təmsilçiləri cəzaçəkmə müəssisəsi rəhbərliyinə aclıq edən dustaqların digərlərindən təcrid edilmələrini, həkim nəzarətinə götürülməsini, ailələrilə əlaqə saxlamağa şərait yaradılmasının vacibliyini bildirib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Blogerə dəstək aksiyaları ara vermir. Müsvat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək akiyaları olub.