Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hərbi əsirlərə baş çəkir


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam edib.

"Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın. Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir," o qeyd edib.

Yerli medianın məlumatına görə, Qarabağ müharibəsi zamanı erməni tərəfinə əsir düşən Azərbaycan hərbiçisi Amin Musayev də ailəsinə məktub göndərib.

Bu arada Rusiya Müdafiə Nazirliyi bildirir ki, Xankəndindəki sülhməramlı idarəetmə mərkəzinə 30 noyabr - 4 dekabr tarixlərində itkin düşmüş erməni hərbçiləri barədə 214 məlumat daxil olub.

Məlumatda deyilir ki, mütəxəssislər 186 hərbi qulluqçu barədə məlumatları yoxlayıb və Sülhməramlı Əməliyyat Mərkəzinin axtarış qruplarına təqdim edib. Bu günə qədər 1900-dən çox insan itkin düşən qohumların axtarışı ilə bağlı müraciət edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Azərbaycan Müdafiə Nazirliyi döyüşlər zamanı 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu bildirib.

“Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Öz növbəsində Ermənistanın rəsmi qurumları indiyədək 2425 hərbçisinin həlak olduğunu təsdiq edib. Bununla yanaşı, hər gün paytaxt Yerevan da daxil olmaqla, ölkənin bütün regionlarında itkin düşmüş hesab edilən yüzlərlə insanın yaxınları etiraz aksiyaları keçirərək övladlarının tapılmasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG