Accessibility links

Beynəlxalq təşkilat Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə açıq məktub yazdı


“İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq təşkilatı Tofiq Yaqublunun qanunsuz hökmünü pisləyir və Prezident İlham Əliyevdən xahiş edir ki, bu məsələnin yenidən araşdırlması üçün addımlar atsın və Yaqublu dərhal və qeyd-şərtsiz buraxılsın.”

Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı açıq məktubda Brüsseldə qərargahlanan IPHR təşkilatı müxalifət lideri Tofiq Yaqubluya 3 sentyabrda “xuliqanizm” maddəsi üzrə kəsilmiş uzunmüddətli həbs hökmünü qınayıb.

Yaqublunun saxlanması və mühakiməsi zamanı ədalətli məhkəmə standartlarının pozulduğunu vurğulayan təşkilat Yaqublunun məhz siyasi baxışlarına görə qisas xarakterli həbsə məruz qaldığını bəyan edir.

“Bu xahişin təcililiyi Tofiq yaqublunun sürətlə pisləşən sağlıq durumundan irəli gəlir,” məktubda qeyd olunur. “Bu, onun yeddi ildə üçüncü həbsidir.”

Məktubda Tofiq Yaqublunun azad olunması üçün keçirilən dinc aksiyanın dağıdılmasına da diqqət çəkilir.

“IPHR narahatdır ki, bu məsələ Azərbycan hökumətinin dissident səsləri susdurmaq üçün apardığı siyasətin tərkib hissəsidir. İnsanları siyasi mövqelərinə görə təqib etmək fundamental ifadə hüququnu tapdalayır və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.”

Bu arada Bakı Apellyasiya Məhkməsi Tofiq Yaqublunun barəsində cinayət işi üzrə ilkin baxış iclasını sentyabrın 28-nə təyin edib.

“Qanunvericiliyə görə, məhkəmə baxışı şikayət daxil olduqdan sonra 15 gün ərzində təyin edilə bilər. Biz düşünürdük ki, məhkəmə Tofiq Yaqublunun səhhətinin pisləşməsini nəzərə alaraq məhkəmə baxışını tez təyin edəcək. Amma belə olmadı,” vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib.

Sosial mediada müxalifət liderləri və digər görkəmli xadimlər İlham Əliyevin sərt tənqidçilərindən olan müxalifət liderinin azad olunmasına çağırıblar.

Bəziləri apelyasiya məhkəməsinin 11 gün sonraya təyin edilməsindən narazılıqlarını ifadə edib. Belə ki, 2 sentyabrdan bəri aclıq edən Yaqublunun sağlıq durumu sürətlə pisləşməkdədir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur.

Yaqublunu müalicə edən müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla bu gün, sentyabrın 17-də ona baş çəkəndən sonra Amerikanın Səsinə bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir.

“Bu gün 16-cı sutkadır aclığı davam etdirir. Vəziyyəti 16 sutka aclıq edən şəxsin vəziyyətinə adekvatdır. Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. Özünün iradəsinin ziddinə olsa da tibbi korreksiyalar edilir. Amma qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər, aclıq keçirən insanda hər şey ola bilər. Ona görə də çalşırıq ki, ağırlaşma olanda vaxtında müdaxilə edə bilək,” həkim qeyd edib.

XS
SM
MD
LG