Accessibility links

Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyası Şəhla Hümbətovaya qarşı intizam tədbirini pisləyib


Şəhla Hümbətova
Şəhla Hümbətova

Qurum Azərbaycan Vəkillər Kollegiyasına müraciət edib

Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) vəkil Şəhla Hümbətovanın Azərbaycan Vəkillər Kollegiyası tərəfindən fəaliyyətinin dayandırılmasını pisləyib.

IBAHRI 4 beynəlxalq insan hüquqları təşkilatı - Civil Rights Defenders (Vətəndaş Hüquqları Müdafiəsi), Freedom House, The International Partnership for Human Rights (İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq) və Lawyers for Lawyers (Vəkillər vəkillər üçün) təşkilatı ilə birlikdə Azərbaycan Vəkillər Kollegiyası (AVK) Rəyasət Heyətinə müraciət edib. Müraciətdə “insan hüquqları üzrə vəkil Şəhla Hümbətovaya qarşı qeyri-adekvat intizam tədbirləri pislənilib.

Dekabrın 30-da qəbul edilmiş müraciətdə AVK Şəhla Hümbətova və işdən kənarlaşdırılmış digər vəkil-hüquq müdafiəçilərinin lisenziyalarını bərpa etməyə çağırılıb.

Müraciət müəllifləri hesab edirlər ki, Şəhla Hümbətovanın kənarlaşdırılması bir daha göstərir ki, AVK Rəyasət Heyəti “Azərbaycanda vəkillik fəaliyyətini sistematik şəkildə pozur” və ölkə vətəndaşlarını hüquqları pozulduğu halda effektiv hüquqi müdafiəyə çıxış imkanlarından məhrum edir.

Təşkilat qeyd edib ki, Şəhla Hümbətova çoxsaylı azərbaycanlı siyasi məhbusu müdafiə edib və hazırda “Gəncə işi” üzrə bir neçə müttəhimi müdafiə edir. Onun müdafiə etdiyi şəxslərin amansız işgəncələr, məcburi etiraflar və uydurma dəlillər barədə məlumatları geniş diqqəti cəlb edib, beynəlxalq hüquq müdafiəçiləri qeyd edirlər.

Bu ilin əvvəlində AVK Şəhla Hümbətovanın intizam məsuliyyətinə cəlb oluncağını deyib. Buna 2019-cu ilin yanvarında o zamankı siyasi məhbus və bloger Mehman Hüseynovun aclıq elan etdiyini və vəziyyətinin pis olduğunu açıqladıqdan sonra Azərbaycan Penitensiar Xidməti “yalan məlumat yaydığına” görə Hümbətovadan şikayət etməsi səbəb olub.

Şəhla Hümbətovanın lisenziyasının dayandırılması qərarı və onun işdən çıxarılmasına nail olmaq o deməkdir ki, Şəhla Hümbətova vəkil kimi öz işini icra edə bilməyəcək. 2018-ci ilin yanvar ayında qüvvəyə minən Azərbaycan qanunvericiliyinə bir sıra düzəlişlərə əsasən Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmə proseslərinə çıxmasına icazə verilmir.

“Bir sıra vəkil-hüquq müdafiəçisinin, o cümlədən İradə Cavadova, Yalçın İmanov, Əlaif Həsənov və Xalid Bağırovun işdən kənarlaşdırılması, AVK-nın müstəqil olmaması və fəaliyyətinə dövlətin yersiz təsiri ciddi narahatlığa səbəb olur. Hər yeni işdən çıxarılma, kənarlaşdırma və ya töhmət hüquq-müdafiə işi ilə məşğul olan Vəkillər Kollegiyasının istənilən üzvü üçün xəbərdarlıq rolunu oynayır,” beynəlxalq hüquq-müdafiə qurumlarının AVK-ya müraciətində deyilir.

Müraciəti imzalayan təşkilatlar AVK-nı Şəhla Hümbətovanın və işdən kənarlaşdırılan digər vəkil-hüquq müdafiəçilərinin lisenziyasını bərpa etməyə və “Azərbaycanda vəkilliyin müstəqilliyini pozmağa yox, qorumağa” çağırırlar.

“Biz həmçinin Azərbaycan hökumətini vəkilliyin müdafiəsi ilə bağlı beynəlxalq standartlara, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, Avropa İnsan Hüquqları Konvensiyasına və BMT-nin vəkillərin rolu haqqında əsas prinsiplərinə əməl etməyə çağırırıq,” sənəddə vurğulanır.

Şəhla Hümbətova bildirib ki, son aylar ərzində Vəkillər Kollegiyası tərəfindən təqib olunması sırf vəkillik fəaliyyəti ilə bağlıdır.

"Siyasi motivlərlə işdə iştirakımla bağlıdır. Vəkillər Kollegiyasının səbəb kimi göstərdiyi hallar, yəni üzvlük haqqının gecikdirilməsi, vətəndaşın şikayəti və sair sadəcə bəhanədir. Səbəb isə başqadır. Səbəb mənim vəkil kimi siyasi işlərdə iştirakımı dayandırmaq, əvvəlki apardığım işlərə görə cəzalandırmaq və digər vəkilləri çəkindirməkdir."

Şəhla Hümbətova Vəkillər Kollegiyasının onun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədən xəbərsiz olduğunu bildirib.

"Tək bildiyim məlumat odur ki, Vəkillər Kolkegiyası məhkəməyə müraciət etməsi ilə bağlı qərar qəbul etdi, lakin sənədlərin məhkəməyə göndərilib-göndərilməməsi ilə bağlı heç bir məlumatım yoxdur."

Şəhla Hümbətova deyib ki, ona qarşı hələ heç bir ittiham irəli sürülməyib.

"Burada Vəkillər Kollegiyasından daxil olmuş material araşdırılır. İttiham irəli sürülməyib. Mən hesab edirəm ki, ittiham irəli sürülə də bilməz. Bunun üçün heç bir qanuni əsas yoxdur.”

O, hüquqları uğrunda mübarizəsini davam etdirəcəyini bildirib.

Son illər Azərbaycanda bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov və başqaları kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq kollegiya bunları inkar edib, onların qanunvericiliyin tələblərini pozduqlarına görə kənarlaşdırıldıqlarını açıqlayıb.

XS
SM
MD
LG