Accessibility links

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilir?


Beynəlxalq Bank
Beynəlxalq Bank

"Artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi qabağı tədbirlərin həyata keçirilməsinə başlamaq olar".

Report agentliyinin xəbərinə görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Azərbaycanda səfərdə olan zaman bu məsələ ilə maraqlanıb. Biz də bu müzakirələri gələcəkdə davam etdirəcəyik", nazir əlavə edib.

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin yazında 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Mayın 23-də xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Orada əsasən üç variantdan söhbət gedib. İlk varianta əsasən, əsas kreditorlar üzrə 2.38 milyard dollar borc 20 faiz endirimlə 12 illik dövlət istiqrazları ilə əvəz edilməli idi. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcəkdi.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənməli idi.

Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazları ilə əvəz edilməsini nəzərdə tuturdu.

ABB-nin kreditorları təklif edilən plandan əvvəlcə narazı qalıblar. Sonradan plana bəzi kiçik dəyişiklik edilib və o qəbul edilib.

Beləliklə, bankın 3 milyard dollar civarında borcu dövlətə keçib.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

XS
SM
MD
LG