Accessibility links

Beyrutda partlayış - onlarla insan həyatını itirib, çox sayda yaralanan var


Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış bir çox insanın yaralanmasına və ərazidə böyük dağıntıya səbəb olub. Beyrutun mərkəzinə yaxın yerdə baş verən partlayış nəticəsində azı 25 nəfərin həyatını itirdiyi bildirilir. Səhiyyə naziri Hamad Həsən 2500-dən çox insanın yaralandığını deyib.

Livanın Qırmızı Xaç təşkilatının nümayəndəsi Corc Kettaneh xilasetmə işlərinin davam etdirildiyini və insanların evlərinin dağıntıları arasında ilişib qaldığını, başqalarının isə yaxınlığıqdakı binaların altında qaldığını bildirib.

Beyrut sakinləri sosial mediada şəhərin mərkəzi üzərində qalın tüstünün qalxdığı göstərilən video görüntülər paylaşıb. Sakinlər pəncərə şüşələrinin sındığını və binaların dekorativ tavanlarının uçduğunu xəbər verir.

Təhlükəsizlik xidmətindən bir mənbə və tibbi mənbələr Reuters agentliyinə ilkin olaraq ən azı 10 cəsədin xəstəxanaya aparıldığını bildirib.

Livan prezidentinin Twitter səhifəsinə istinadən, prezident Mişel Aun ölkənin Ali Müdafiə Şurasının təcili iclasının keçirilməsinə çağırıb.

Partlayışın hansı səbəbdən baş verməsi, yanğının mənbəyi və hansı partlayıcı maddələrin hadisəyə səbəb olduğu məlum deyil.

Livan Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Abbas İbrahim liman bölgəsinə baş çəkərək, təhqiqatların keçirilməsinə mane olunmayacağını söyləyib. Bir İsrail rəsmisi isə İsrailin partlayışla heç bir əlaqəsi olmadığını bildirib.

Beyrut limanının qubernatoru Sky News-a bildirib ki, hadisə yerinə gələn yanğınsöndürənlər qrupu partlayışdan sonra "yoxa çıxıb".

“Mən Beyrutun üzərindən alov və tüstü gördüm. İnsanlar qan içində qışqırır və qaçırdılar. Binaların eyvanları uçub. Hündür mərtəbəli binalardakı şüşələr sınaraq küçələrə tökülüb” - deyə, o, hadisənin şahidlərindən biri Reuters agentliyinə bildirib.

Səhiyyə naziri "çox sayda" xəsarət alanların olduğunu söyləyib. Əl Mayadin TV yüzlərlə insanın yaralandığı haqda məlumat verib.

BMT-nin sözçüsü Farhan Haq jurnalistlərə açıqlamasında partlayışın səbəbinin dərhal məlum olmadığını və BMT personalın arasında heç kəsin xəsarət almadığını deyib.

"Biz dəqiq nəyin baş verdiyi, buna nəyin səbəb olduğu, bunun təsadüfi və ya kim tərəfindənsə törədilmiş hadisə olub-olmadığı haqda dəqiq məlumatımız yoxdur" - deyə, o əlavə edib.

"Biz partlayışdan xəbərdarıq və belə böyük bir partlayış səbəbi ilə mümkün həyatın itkisindən narahatıq", ABŞ-da Pentaqon bildirib.

Partlayış BMT məhkəməsində şiə Hizbullah qrupunun 15 il öncə Livanın keçmiş sünni lideri Rəfiq Həririnin bomba hücumu zamanı öldürülməsində şübhəli bilinən dörd üzvünün prosesinin getdiyi vaxt baş verib. Hərinin öldürülməsi regionda iğtişaşlara səbəb olmuşdu.

Məhkəmənin cümə günü onlara ölkədə yenidən iğtişaşlara səbəb ola biləcək hökm çıxaracağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG